1Samuel (20/31)  

1. Davud Ramadakı Nayotdan qaçdı və gəlib Yonatana dedi: «Axı nə etmişəm? Təqsirim nədir? Atana qarşı nə günahım var ki, canımın qəsdinə durub?»
2. Yonatan ona cavab verdi: «Əsla, sən ölməyəcəksən. Bax böyük olsun, kiçik olsun, atam mənə deməmiş bir iş görməz. Axı niyə atam məndən bu işi gizlətsin? Belə şey ola bilməz!»
3. Davud yenə and içib dedi: «Atan əmindir ki, mən sənin gözündə lütf tapmışam. Ona görə deyir ki, qoy Yonatan bunu bilməsin, yoxsa kədərlənər. Lakin var olan Rəbbə və canına and olsun, mənimlə ölüm arasında, həqiqətən, ancaq bir addım var».
4. Yonatan Davuda dedi: «Sənin üçün ürəyin nə istəsə, onu da edəcəyəm».
5. Davud Yonatana dedi: «Sabah Təzə Ay mərasimidir və mütləq padşahla yeməyə oturmalıyam. Lakin sən mənə birisi gün axşama qədər izin ver, gedib çöldə gizlənim.
6. Əgər atan məni axtararsa, o vaxt de ki, Davud öz şəhərinə – Bet-Lexemə dəymək üçün məndən izin istədi. Çünki orada bütün ailəsinin illik qurbanı vardır.
7. Əgər “lap yaxşı” deyərsə, deməli sənin qulun salamatdır, yox, əgər qəzəblənərsə, onda o mənə pislik etmək niyyətindədir.
8. Belə olarsa, bu quluna xeyirxahlıq et, çünki qulunu özünlə Rəbbin əhdinə saldın. Əgər mənim təqsirim varsa, sən özün məni öldür. Axı nə üçün məni atanın yanına aparmalısan?»
9. Yonatan dedi: «Əsla, bu sənin başına gəlməz! Atamın sənə pislik etmək niyyətində olduğunu bilsəydim, sənə xəbər verməzdimmi?»
10. Davud Yonatana dedi: «Atan sənə sərt cavab versə, bunu mənə kim bildirəcək?»
11. Yonatan Davuda dedi: «Gəl çölə çıxaq». Hər ikisi çölə çıxdı.
12. Sonra Yonatan Davuda dedi: «İsrailin Allahı Rəbbə and olsun, sabah yaxud o birisi gün bu vaxtlar mən atamdan fikrini öyrənərəm. Əgər, həqiqətən, Davuda qarşı fikri yaxşıdırsa, bu xəbəri sənə çatdıraram.
13. Yox, əgər sənə pislik etmək atamın xoşuna gəlirsə və mən bunu sənə deməsəm, salamat gedəsən deyə səni yola salmasam, Rəbb Yonatana beləsini və bundan betərini etsin. Rəbb necə atamla oldusa, qoy səninlə də elə olsun.
14. Əgər sağ qalaramsa, Rəbbin sədaqətini mənə göstərərsən. Yox, əgər ölsəm,
15. bu sədaqəti Rəbb Davudun bütün düşmənlərini yer üzündən silən zaman da heç vaxt evimdən kəsməyəcəksən».
16. Yonatan Davud nəsli ilə əhd bağlayıb dedi: «Qoy Rəbb Davudun düşmənlərini Özü cəzalandırsın!»
17. Yonatan Davuda olan sevgisi naminə bir də ona and içdirdi, çünki onu öz canı kimi sevirdi.
18. Yonatan dedi: «Sabah Təzə Ay mərasimidir, yerin boş olduğu üçün səni axtaracaqlar.
19. Üç gün qalandan sonra tezdən bura enərsən və əvvəl gizləndiyin yerə gəlib Ezel daşının yanında oturarsan.
20. Mən hədəfə atan kimi daşın bir tərəfinə üç ox atacağam.
21. Sonra “get oxları tap” deyərək bir uşaq göndərəcəyəm. Bax əgər uşağa “oxlar burada – sənin yanındadır, get onları oradan götür” desəm, yanıma gəl, çünki sənin üçün salamatlıqdır və var olan Rəbbə and olsun, heç bir şey yoxdur.
22. Lakin əgər uşağa “oxlar səndən uzaqdadır” desəm, öz yolunla çıx get, çünki Rəbb səni uzağa göndərmişdir.
23. Aramızda danışdığımız sözə gəlincə, bil ki, Rəbb əbədi olaraq səninlə mənim aramdadır».
24. Davud çöldə gizləndi. Təzə Ay mərasimi başlayarkən padşah yeməyə oturdu.
25. Həmişəki kimi padşah öz yerində – divarın yanında oturdu. Yonatan ayağa qalxdı və Avner Şaulun yanında oturdu. Davudun yeri isə boş idi.
26. Şaul o gün bir söz demədi, çünki elə düşünürdü ki, Davudun başına nə isə gəlib. Yəqin ki natəmizdir.
27. Ertəsi gün – Təzə Ay mərasiminin ikinci günü Davudun yeri yenə də boş idi və Şaul oğlu Yonatana dedi: «Nə üçün Yesseyin oğlu nə dünən, nə də bu gün yeməyə gəlməyib?»
28. Yonatan Şaula belə cavab verdi: «Davud Bet-Lexemə getmək üçün təkidlə məndən izin istədi.
29. Mənə dedi: “Rica edirəm, izin ver gedim, çünki şəhərdə ailəmizin qurbanı var. Orada olmağımı böyük qardaşım mənə əmr etmişdi. Əgər indi gözündə lütf tapmışamsa, rica edirəm, məni burax, gedim qardaşlarımla görüşüm”. Buna görə də padşahın süfrəsinə gələ bilməyib».
30. Yonatana qarşı Şaulun qəzəbi alovlandı və ona belə dedi: «Ey xəyanətkar və dönük qadının oğlu, öz rüsvayçılığına görə, ananın biabırçılığına görə Yesseyin oğlunu özünə dost seçdiyini guya mən bilmirəm?
31. Nə qədər ki Yesseyin bu oğlu yer üzündə yaşayır, nə sən rahat olacaqsan, nə də padşahlığın. İndi isə adam göndər, qoy onu yanıma gətirsin, çünki o mütləq ölməlidir».
32. Yonatan atası Şaula cavab verdi: «Axı nə üçün ölməlidir? O nə edib ki?»
33. Şaul Yonatanı öldürmək üçün nizə atdı. Onda Yonatan atasının Davudu öldürmək niyyətində olduğunu başa düşdü.
34. Yonatan qızğın qəzəblə süfrə üstündən qalxdı. Təzə ayın ikinci günündə yemək yemədi, çünki atası Davuda namərdlik etdiyi üçün qanı qaralmışdı.
35. Səhəri gün erkən Yonatan Davudla təyin etdiyi vaxt çölə getdi. Yanında kiçik bir uşaq var idi.
36. O, uşağa dedi: «Qaç, indi atacağım oxları tap». Uşaq qaçarkən Yonatan onun başı üzərindən bir ox atdı.
37. Uşaq Yonatanın atdığı oxun yanına çatanda Yonatan uşağı arxadan çağırıb dedi: «Ox səndən uzaqda deyilmi?»
38. Yonatan uşağı yenə arxadan çağırıb «Tez ol, qaç, dayanma!» dedi. Yonatanın nökəri oxu götürüb ağasının yanına gəldi.
39. Lakin uşağın heç nədən xəbəri yox idi. Bu işi ancaq Yonatanla Davud bilirdi.
40. Yonatan silahlarını uşağa verib dedi: «Get, bunları şəhərə apar».
41. Uşaq gedəndən sonra Davud daşın cənub tərəfindən çıxıb üzüstə yerə sərildi və üç dəfə onun qarşısında əyildi. Onlar öpüşüb ağlaşdılar, Davud daha çox ağladı.
42. Yonatan Davuda dedi: «Sağ-salamat get, çünki “səninlə mənim aramda və sənin övladlarınla mənim övladlarım arasında əbədilik Rəbb olacaq” deyərək ikimiz də Rəbbin isminə and içmişik». Bundan sonra Davud qalxıb öz yolu ilə getdi, Yonatan isə şəhərə qayıtdı.

  1Samuel (20/31)