1Samuel (13/31)  

1. Şaul bir il padşah oldu və İsrailin üzərində daha iki il padşahlıq edəndən sonra
2. o özü üçün üç min nəfər İsrailli seçdi. Bunlardan iki min nəfəri Mikmasda və Bet-El təpələrində Şaulun yanında qaldı, min nəfəri isə Binyaminin Givea şəhərində Yonatanın yanında saxladı. Xalqın qalan hissəsini isə Şaul öz evlərinə göndərdi.
3. Yonatan Gevadakı Filiştlilərin keşik dəstəsinin əsgərlərini qırdı və bunu bütün Filiştlilər eşitdilər. Şaul isə İbranilər eşitsinlər deyə bütün ölkədə şeypur çaldırdı.
4. İsraillilərin hamısı Şaulun Filiştlilərin keşik dəstəsini qırdığını, Filiştlilərin İsrailə nifrət etdiyini eşitdi. Xalq Şaulun ətrafında yığılmaq üçün Qilqala çağırıldı.
5. Filiştlilər İsraillə vuruşmaq üçün yığıldılar. Otuz min döyüş arabası, altı min atlı və dənizdəki qum dənələrinin sayı qədər camaat çıxıb Bet-Avenin şərqində Mikmasda ordugah qurdu.
6. İsraillilər təhlükə qarşısında olduqlarını gördülər, çünki xalq sıxışdırıldı, xalq mağaralarda, kolluqlarda, qayalarda, məqbərələrdə və nohurlarda gizləndi.
7. İbranilərdən bəzisi İordan çayından Qad və Gilead torpağına keçmişdi, lakin Şaul isə hələ Qilqalda idi və bütün xalq qorxudan əsə-əsə onun ardınca gedirdi.
8. Şaul Şamuel təyin etdiyi vaxta qədər yeddi gün gözlədi, lakin Şamuel Qilqala gəlmədi, ona görə də xalq Şaulun yanından dağılmağa başladı.
9. Şaul dedi: «Yandırma qurbanını və ünsiyyət qurbanını yanıma gətirin». O, yandırma qurbanını təqdim etdi.
10. Yandırma qurbanının təqdimi qurtaranda Şamuel gəlib çıxdı və Şaul salamlaşmaq üçün onu qarşılamağa çıxdı.
11. Şamuel dedi: «Sən nə etmisən?» Şaul isə dedi: «Gördüm ki, ətrafımdakı xalq dağılır, sən isə təyin etdiyin gün gəlmədin və Filiştlilər Mikmasda toplanıb.
12. Dedim ki, indi Filiştlilər Qilqala, üstümə gələcəklər, mən isə hələ Rəbbin razılığını almamışam. Ona görə də özümü məcbur edib yandırma qurbanını təqdim etdim».
13. Şamuel Şaula dedi: «Ağılsızlıq etdin, Allahın Rəbbin sənə verdiyi əmrə əməl etmədin. Belə olmasaydı, Rəbb İsrail üzərində sənin padşahlığını əbədi saxlayacaqdı.
14. Lakin indi padşahlığın davam etməyəcək. Rəbb Özü üçün Öz ürəyinə yatan bir adam tapıb. Həmin adamı Rəbb xalqına başçı təyin etdi. Çünki sən Rəbbin verdiyi əmrlərə əməl etmədin».
15. Bundan sonra Şamuel Qilqalı tərk edib Binyaminlilərin Givea şəhərinə çıxdı. Şaul yanında olan xalqı saydı: altı yüz nəfərə qədər idi.
16. Şaul, oğlu Yonatan və yanında olan xalq Binyaminlilərin Geva şəhərində qalmaqda idi. Filiştlilər isə Mikmasda ordugah qurmuşdular.
17. Filişt ordugahından qarətçi hücumçular üç dəstəyə bölünüb çıxdılar. Bir dəstə Ofra yoluna – Şual torpağına yönəldi.
18. Digər dəstə isə Bet-Xoron yoluna, o biri dəstə isə çölə – Sevoim vadisinə baxan sərhəd yoluna yönəldi.
19. Bütün İsrail ölkəsində bir nəfər də olsun dəmirçi yox idi. Filiştlilər demişdilər ki, qoy İbranilər qılınc, nizə düzəltməsinlər.
20. Bütün İsraillilər kotanlarını, kərkilərini, baltalarını və oraqlarını itiləmək üçün Filiştlilərin yanına gəlirdi.
21. Kotanın, kərkinin itiləmə qiyməti bir pim idi. Bellər, baltalar, bizlər üçün isə şekelin üçdə biri qədər gümüş pul alardılar.
22. Ona görə də müharibə zamanı Şaulla Yonatanın yanında olan xalqın əlində qılınc və nizə yox idi, bu silahlar ancaq Şaulun və oğlu Yonatanın əlində olardı.
23. Filiştlilərin keşik dəstəsi Mikmas keçidinə çıxdı.

  1Samuel (13/31)