← 1Samuel (10/31) → |
1. | Şamuel bir qab zeytun yağı götürüb Şaulun başına tökdü və onu öpərək dedi: «Rəbb səni Öz irsi olan İsrail üzərində başçı olmaq üçün məsh etdi, elə deyilmi? |
2. | Bu gün məndən ayrılandan sonra Binyamin torpağında, Selsahda olan Rəhilənin məzarı yanında iki adama rast gələcəksən və onlar sənə deyəcək: “Axtarmağa getdiyin eşşəklər tapılıb. Artıq atan eşşəkləri unudub sizin dərdinizi çəkərək deyir: ‹Oğluma görə nə edim?›” |
3. | Oradan da irəli keçib Tavordakı palıd ağacının yanına çatacaqsan və həmin yerdə səni Bet-Elə – Allahın hüzuruna çıxan üç adam qarşılayacaq. Onlardan biri üç oğlaq, o biri üç kömbə çörək, biri də bir tuluq şərab aparacaq. |
4. | Onlar səni salamlayaraq iki kömbə çörək verəcəklər. Sən də o çörəkləri onlardan alacaqsan. |
5. | Bundan sonra Filişt keşik dəstəsinin olduğu yerə – Giveat-Elohimə çatacaqsan. Şəhərə girən zaman orada səcdəgahdan enən bir peyğəmbər dəstəsinə rast gələcəksən. Onların qarşılarında çəng, dəf, ney, lira çalınacaq və onlar peyğəmbərlik edəcək. |
6. | Onda Rəbbin Ruhu üzərinə qüvvə ilə enəcək və sən də onlarla birgə peyğəmbərlik edəcəksən və dönüb tamam başqa bir adam olacaqsan. |
7. | Bu əlamətlər səndə baş verəndə vəziyyətə uyğun hərəkət et, çünki Allah səninlədir. |
8. | Sən məndən əvvəl Qilqala enəcəksən, mən də yandırma qurbanları təqdim etmək və ünsiyyət qurbanları kəsmək üçün oraya enəcəyəm. Amma mən yanına gəlib nə edəcəyini sənə bildirənədək yeddi gün gözləməli olacaqsan». |
9. | Şaul Şamuelin yanından yola düşmək üçün çevriləndə Allah onun ürəyini dəyişdirdi və bütün bu əlamətlər o gün yerinə yetdi. |
10. | Oradan Giveaya gedərkən onları bir peyğəmbər dəstəsi qarşıladı və Allahın Ruhu Şaulun üstünə qüvvə ilə endi. Onların arasında Şaul da peyğəmbərlik etməyə başladı. |
11. | Əvvəldən onu tanıyan camaatın hamısı onun peyğəmbərlik etdiyini görəndə bir-birinə belə dedi: «Qişin oğluna nə olub? Məgər Şaul da peyğəmbərlərin sırasındadır?» |
12. | Bir adam cavab verib dedi: «Görün onların atası kimdir?» Buna görə də «Məgər Şaul da peyğəmbərlərin sırasındadır?» sözü məsələ çevrildi. |
13. | Şaul peyğəmbərlik edəndən sonra səcdəgaha qalxdı. |
14. | Şaulun əmisi ondan və nökərindən soruşdu: «Hara getmişdiniz?» Şaul dedi: «Eşşəkləri axtarmağa getmişdik, amma gördük ki, tapa bilmirik, ona görə də Şamuelin yanına getdik». |
15. | Şaulun əmisi dedi: «Rica edirəm, Şamuelin sənə nə dediyini mənə danış». |
16. | Şaul əmisinə dedi: «Eşşəklərin tapıldığını bizə aydın bildirdi». Lakin padşahlıq haqqında Şamuelin sözünü əmisinə danışmadı. |
17. | Şamuel xalqı Rəbbin önünə – Mispaya çağırdı. |
18. | O, İsrail övladlarına dedi: «İsrailin Allahı Rəbb belə deyir: “İsraili Misirdən Mən çıxartdım. Misirlilərin və sizə zülm edən bütün padşahlıqların əlindən sizi Mən azad etdim”. |
19. | Lakin bəlalarınızdan və müsibətlərinizdən sizi qurtaran Allahınızı bu gün rədd etdiniz və Ona “üzərimizə bir padşah qoy” dediniz. İndi isə qəbilələrinizə və nəsillərinizə görə Rəbbin hüzurunda durun». |
20. | Şamuel İsrailin bütün qəbilələrini bir-bir qabağa çıxartdı, Binyamin qəbiləsi püşk ilə seçildi. |
21. | Sonra Binyamin qəbiləsini nəsilbənəsil qabağa çıxartdı. Püşk Matri nəslinə düşdü. Nəhayət Qiş oğlu Şaul seçildi. Lakin onu axtarıb tapa bilmədilər. |
22. | Yenə Rəbdən soruşdular: «O buraya hələ gəlməyibmi?» Rəbb dedi: «Odur, yüklərin arasında gizlənib». |
23. | Qaçıb Şaulu oradan gətirdilər. Xalq arasında duran zaman Şaul xalqın hamısından bir çiyin hündür görünürdü. |
24. | Şamuel bütün xalqa dedi: «Rəbbin seçdiyi bu xalqın arasında bənzəri olmayan adamı görürsünüzmü?» O zaman xalq bir səslə qışqırıb dedi: «Yaşasın padşah!» |
25. | Şamuel padşahlıq qaydalarını xalqa söylədi və kitaba yazıb Rəbbin önünə qoydu. Sonra Şamuel bütün xalqı evinə göndərdi. |
26. | Şaul da Giveaya, öz evinə qayıtdı və qəlblərində Allahın oyanış yaratdığı igidlər onunla bərabər getdilər. |
27. | Bəzi yaramaz adamlar isə belə dedilər: «Bu adam bizi necə qurtaracaq?» Ona xor baxıb hədiyyə göndərmədilər. Şaul isə buna susdu. |
← 1Samuel (10/31) → |