1Peter (4/5)  

1. Beləliklə, Məsih cismən əzab çəkdiyinə görə siz də eyni düşüncələrlə silahlanın. Çünki cismən əzab çəkən günahdan vaz keçmişdir.
2. Nəticədə cisimdə qalan vaxtını isə artıq bəşəri ehtiraslara görə deyil, Allahın iradəsinə görə yaşayır.
3. Siz keçmiş vaxtlarda imanlı olmayanların istəklərini yerinə yetirib həyatınızı əxlaqsızlıqla, ehtirasla, əyyaşlıqla, eyş-işrətlə, içib azğınlıq etməklə, iyrənc bütpərəstliklə keçirdiyiniz yetər!
4. İmanlı olmayanlar onlarla birlikdə eyni cür pozğunluğa uymadığınıza görə təəccüb edir, sizə şər atırlar.
5. Onlar diriləri və ölüləri mühakimə etməyə hazır olan Allaha cavab verəcəklər.
6. Çünki bu səbəbə görə Müjdə ölülərə də yayıldı ki, cismən onlar bütün insanlar kimi mühakimə olunduğu halda, ruhən Allah kimi yaşasınlar.
7. Hər şeyin sonu yaxındır. Beləliklə, ağıllı-kamallı olun və dua etmək üçün ayıq durun.
8. Hər şeydən əvvəl, bir-birinizi can-dildən sevin, çünki «məhəbbət çox günahı örtər».
9. Şikayət etmədən bir-birinizə qonaqpərvərlik göstərin.
10. Hər kəs Allahın çoxcəhətli lütfünün yaxşı idarəçiləri kimi aldığı ənama görə bir-birinə xidmət etsin.
11. Kim danışırsa, Allahın sözlərini danışan kimi danışsın. Kim xidmət edirsə, Allahın verdiyi qüvvətlə xidmət etsin. Beləcə Allah hər şeydə İsa Məsih vasitəsilə izzətlənəcək. İzzət və qüdrət əbədi olaraq İsa Məsihindir. Amin!
12. Sevimlilər, sizi sınamaq üçün aranızda baş verən odlu imtahana sanki başınıza gələn qəribə bir iş kimi təəccüb etməyin.
13. Əksinə, Məsihin əzablarına nə qədər şərik olursunuzsa, o qədər sevinin ki, Onun izzətli zühurunda hədsiz sevinəsiniz.
14. Məsihin adına görə təhqir olunsanız, siz nə bəxtiyarsınız! Çünki Allahın izzətli Ruhu üzərinizdə qalır.
15. Lakin heç biriniz qatil, oğru ya başqa cür cinayətkar kimi yaxud başqalarının işinə qarışan şəxs kimi əzab çəkməsin.
16. Amma bir insan məsihçi kimi əzab çəkirsə, qoy bundan utanmasın, bu adı daşıyaraq Allahı izzətləndirsin.
17. Çünki mühakimənin Allahın ev xalqından başlandığı vaxt gəlir. Əgər mühakimə əvvəl bizdən başlanarsa, Allahın Müjdəsinə itaət etməyənlərin sonu necə olacaq?
18. Əgər saleh belə, çətinliklə xilas olursa, bəs allahsız və günahkar necə olacaq?
19. Bunun üçün qoy Allahın iradəsinə görə əzab çəkənlər yaxşılıq edərək həyatlarını sadiq olan Yaradana həvalə etsinlər.

  1Peter (4/5)