| ← 1Kings (6/22) → |
| 1. | İsrail övladları Misir torpağından çıxdıqdan dörd yüz səksən il sonra – Süleymanın İsrail üzərində padşahlığının dördüncü ilində, ikinci ay olan Ziv ayında o, Rəbbə məbəd tikməyə başladı. |
| 2. | Padşah Süleymanın Rəbbə tikdiyi məbədin uzunluğu altmış, eni iyirmi və hündürlüyü otuz qulac idi. |
| 3. | Məbədin böyük otağının önündə olan eyvanın uzunluğu məbədin eninə görə iyirmi qulac və eni məbədin önündə on qulac idi. |
| 4. | O, məbəd üçün qəfəslə bağlı pəncərələr düzəltdi. |
| 5. | Məbədin divarına bitişik, bütün məbədin divarını, yəni böyük otağı və iç otağı dövrəyə alan artırma tikdi. Onun içində məbədi əhatə edən yan otaqlar düzəltdi. |
| 6. | Artırmanın alt mərtəbəsinin eni beş, ortasındakının eni altı, üçüncüsünün eni isə yeddi qulac idi. Çünki artırmanın dirəkləri məbədin divarına dəyməsin deyə məbədin divarı ətrafında bayır tərəfdən çıxıntılar düzəldilmişdi. |
| 7. | Məbədin tikilməsi üçün karxanada hazırlanan yonulmuş daşlar işlədilmişdi. Məbəddə tikinti zamanı nə gürzün, nə iskənənin, nə də başqa bir dəmir alətin səsi eşidildi. |
| 8. | Orta mərtəbəyə giriş məbədin sağ tərəfində idi. Pilləkənlərlə orta mərtəbəyə, orta mərtəbədən isə üçüncü mərtəbəyə çıxırdılar. |
| 9. | Beləcə Süleyman məbədi tikib qurtardı. Məbədi sidr ağacından olan tirlər və taxtalarla örtdü. |
| 10. | Bütün məbədə bitişik olan mərtəbələri beş qulac hündürlüyündə tikdi və bunlar sidr dirəklərlə məbədə bərkidilmişdi. |
| 11. | Süleymana Rəbbin bu sözü nazil oldu: |
| 12. | «Budur, sən məbəd tikirsən. Əgər sən Mənim qaydalarımla getsən, hökmlərimə və əmrlərimə uyğun hərəkət etsən, onda Mən atan Davuda verdiyim sözü sənin vasitənlə yerinə yetirəcəyəm: |
| 13. | İsrail övladlarının arasında yaşayacağam və xalqım İsraili tərk etməyəcəyəm». |
| 14. | Süleyman məbədi tikib qurtardı. |
| 15. | Məbədin divarlarına içəridən sidr taxtalarla örtük vurdu və məbədin döşəməsini şam ağacından olan taxtalarla örtdü. Beləcə məbədi döşəməsindən divarlarına və tavanına qədər ağacla örtdü. |
| 16. | Məbədin arxa tərəfində döşəmədən tavana qədər sidr taxtalarla örtülmüş uzunluğu iyirmi qulac olan bir bölmə ayırıb orada Ən Müqəddəs yer üçün bir iç otaq hazırladı. |
| 17. | İç otağın bayırında olan böyük otaq qırx qulac uzunluğunda idi. |
| 18. | Məbədin içindəki sidr ağaclarının üstündə balqabaq və açılmış güllərin təsviri oyulmuşdu. Hər şey sidrlə örtülmüşdü, daş heç görünmürdü. |
| 19. | Məbədin içərisindəki iç otağı isə o, Rəbbin Əhd sandığını qoymaq üçün hazırladı. |
| 20. | İç otağın uzunluğu iyirmi, eni iyirmi və hündürlüyü iyirmi qulac idi. Oranı və sidr ağacından olan qurbangahın üstünü xalis qızılla örtdü. |
| 21. | Süleyman məbədi içəridən xalis qızılla örtdü, iç otağın önündən qızıl zəncirlər keçirdi və onu qızılla örtdü. |
| 22. | O bütün məbədi tikib qurtararaq onu başdan-başa qızılla örtdü. İç otağa aid olan qurbangahı da tamamilə qızılla örtdü. |
| 23. | İç otaqda zeytun ağacından hündürlüyü on qulac olan iki keruv düzəltdi. |
| 24. | Keruvun bir qanadının uzunluğu beş qulac, o biri qanadının da uzunluğu beş qulac idi; bir qanadının ucundan o biri qanadının ucuna qədər on qulac idi. |
| 25. | O biri keruvun ölçüsü də on qulac idi. Hər iki keruv eyni ölçüdə və eyni görkəmdə idi. |
| 26. | Hər ikisinin hündürlüyü on qulac idi. |
| 27. | O, keruvları məbədin iç otağının ortasına qoydu. Keruvların qanadları açıq idi. Bir keruvun qanadı bir divara, o birisinin qanadı isə o biri divara toxunurdu. Onların o biri qanadları məbədin ortasında bir-birinə toxunurdu. |
| 28. | O, keruvları qızılla örtdü. |
| 29. | Məbədin iç və bayır otağındakı bütün divarlarında keruvların, xurma ağaclarının və açılmış güllərin oyma təsvirini düzəltdi. |
| 30. | Məbəddə iç və bayır otağın döşəməsini qızılla örtdü. |
| 31. | İç otağın girişi üçün zeytun ağacından qapılar düzəltdi. Onların çərçivəsi beşguşəli idi. |
| 32. | O, zeytun ağacından düzəldilmiş iki qapı üzərində keruvların, xurma ağaclarının və açılmış güllərin təsvirini oydu və qapıları qızılla örtdü. Keruvların və xurma ağaclarının üstünə qızıl çəkdi. |
| 33. | Eləcə də böyük otağın girişi üçün zeytun ağacından dördguşəli çərçivə, |
| 34. | həmçinin şam ağacından iki qapı düzəltdi. Bir qapının hər iki tayı qatlanırdı, o biri qapının da hər iki tayı qatlanırdı. |
| 35. | Onların üstündə keruvların, xurma ağaclarının, açılmış güllərin təsvirini oydu və oyma işinin üstünü qızılla örtdü. |
| 36. | O, üç cərgə yonulmuş daşlardan və bir cərgə sidr dirəklərdən içəri həyət tikdi. |
| 37. | Dördüncü ildə, Ziv ayında Rəbbin məbədinin bünövrəsi qoyuldu, |
| 38. | on birinci ildə, səkkizinci ay olan Bul ayında məbəd bütün ləvazimatı ilə birgə və bütün şəklinə görə tikilib qurtardı. Beləcə Süleyman onu yeddi ilə tikdi. |
| ← 1Kings (6/22) → |