← 1Kings (22/22) |
1. | Üç il keçdi. Bu müddətdə Aramla İsrail arasında müharibə getmirdi. |
2. | Üçüncü ildə Yəhuda padşahı Yehoşafat İsrail padşahının yanına gəldi. |
3. | İsrail padşahı əyanlarına dedi: «Bilirsiniz ki, Ramot-Gilead bizimdir? Biz isə onu Aram padşahının əlindən almaq üçün heç nə etmirik». |
4. | Sonra o, Yehoşafata dedi: «Sən mənimlə birgə vuruşmaq üçün Ramot-Gileada gedirsənmi?» Yehoşafat İsrail padşahına dedi: «Məni özün kimi, xalqımı xalqın kimi, atlarımı atların kimi hesab et». |
5. | Yehoşafat yenə İsrail padşahına dedi: «Əvvəlcə görək Rəbbin sözü nədir?» |
6. | İsrail padşahı dörd yüzə qədər peyğəmbəri topladı və onlara dedi: «Vuruşmaq üçün Ramot-Gileada gedim ya getməyim?» Onlar dedilər: «Get, Xudavənd onu padşaha təslim edəcək». |
7. | Yehoşafat dedi: «Burada olanlardan başqa, Rəbbin bir peyğəmbəri yoxdur ki, ondan soruşaq?» |
8. | İsrail padşahı Yehoşafata dedi: «Rəbdən soruşmaq üçün bir nəfər də var: İmla oğlu Mikeya. Ancaq mənim ondan zəhləm gedir, çünki yaxşılığıma deyil, pisliyimə peyğəmbərlik edir». Yehoşafat dedi: «Qoy padşah belə söyləməsin». |
9. | İsrail padşahı bir saray xidmətçisini çağırıb dedi: «Tez İmla oğlu Mikeyanı buraya gətir». |
10. | İsrail padşahı və Yəhuda padşahı Yehoşafat Samariya darvazalarının girəcəyindəki meydanda şahlıq libası geymiş halda hər biri öz taxtında oturmuşdu və bütün peyğəmbərlər onların önündə peyğəmbərlik edirdilər. |
11. | Kenaana oğlu Sidqiya özünə dəmir buynuzlar düzəldib dedi: «Rəbb belə deyir: “Aramlıları qırıb qurtarana qədər onları beləcə buynuzlayacaqsan”». |
12. | Bütün peyğəmbərlər də peyğəmbərlik edərək deyirdilər: «Ramot-Gileada get, qalib gələcəksən, Rəbb onu padşaha təslim edəcək». |
13. | Mikeyanı çağırmaq üçün gedən qasid ona dedi: «İndi peyğəmbərlər padşaha bir ağızdan xoş sözlər deyirlər. Sənin sözün də onlardan birinin sözü kimi olsun və yaxşılığa danış». |
14. | Mikeya dedi: «Var olan Rəbbə and olsun ki, Rəbb mənə nə desə, onu söyləyəcəyəm». |
15. | O, padşahın yanına gəldi və padşah ona dedi: «Mikeya, vuruşmaq üçün Ramot-Gileada gedək, yoxsa getməyək?» Mikeya ona dedi: «Get, qalib gələcəksən, Rəbb onu padşaha təslim edəcək». |
16. | Padşah ona dedi: «Səni neçə dəfə and içdirim ki, mənə Rəbbin adı ilə həqiqətdən başqa bir şey söyləməyəcəksən?» |
17. | Mikeya dedi: «Mən bütün İsrailliləri təpələr üstündə çobanı olmayan sürü kimi səpələnmiş gördüm. Rəbb dedi: “Onların ağaları yoxdur. Qoy hər biri salamat öz evinə qayıtsın”». |
18. | İsrail padşahı Yehoşafata dedi: «Sənə demədimmi o mənim yaxşılığıma deyil, pisliyimə peyğəmbərlik edəcək?» |
19. | Mikeya dedi: «Onda Rəbbin sözünü eşit. Mən Rəbbi Öz taxtında oturmuş və bütün göylər ordusunu Onun sağında və solunda durmuş gördüm. |
20. | Rəbb dedi: “Ramot-Gileada gedib həlak olması üçün Axavı kim tovlayacaq?” Biri elə dedi, o biri belə. |
21. | Bir ruh irəli çıxıb Rəbbin önündə dayandı və dedi: “Mən onu tovlayaram”. Rəbb ona dedi: “Necə?” |
22. | O dedi: “Mən çıxıb bütün peyğəmbərlərin ağzında yalançı bir ruh olaram”. Rəbb dedi: “Sən onu tovlayacaqsan, bunu bacarırsan, get və belə et”». |
23. | Mikeya davam etdi: «İndi, budur, Rəbb sənin bütün bu peyğəmbərlərinin ağzına yalançı bir ruh qoymuşdur. Beləcə Rəbb sənin başına bəla gətirməyi qərara aldı». |
24. | Kenaana oğlu Sidqiya yaxınlaşdı və Mikeyanın yanağına vurub dedi: «Rəbbin Ruhu səndə danışmaq üçün məndən sənə necə keçdi?» |
25. | Mikeya dedi: «Sən gizlənmək üçün iç otağa girdiyin gün bunu biləcəksən». |
26. | İsrail padşahı dedi: «Mikeyanı götür, onu şəhər rəisi Amonun və padşahın oğlu Yoaşın yanına göndər. |
27. | Onlara söylə ki, padşah belə deyir: “Bu adamı zindana atın və mən salamat qayıdana qədər ona çox az çörək və su verərək zülm edin”». |
28. | Mikeya dedi: «Əgər sən salamat qayıtsan, Rəbb mənim vasitəmlə danışmamışdır». Sonra dedi: «Ey camaat, hamınız eşidin!» |
29. | İsrail padşahı və Yəhuda padşahı Yehoşafat Ramot-Gileada getdilər. |
30. | İsrail padşahı Yehoşafata dedi: «Mən qiyafəmi dəyişib döyüşə girəcəyəm, ancaq sən öz şahlıq libasını gey». İsrail padşahı qiyafəsini dəyişib döyüşə girdi. |
31. | Aram padşahı öz döyüş arabalarının otuz iki başçısına «nə kiçiklə, nə də böyüklə vuruşun, yalnız İsrail padşahı ilə döyüşə girin» deyə əmr etmişdi. |
32. | Döyüş arabalarının başçıları Yehoşafatı görəndə dedilər: «Yəqin İsrail padşahı budur». Dönüb onunla vuruşmağa getdilər. Onda Yehoşafat çığırdı. |
33. | Döyüş arabalarının başçıları onun İsrail padşahı olmadığını görəndə ardınca getməyib geri qayıtdılar. |
34. | Bir adam nişan almadan yay çəkib İsrail padşahını zirehlərin birləşdiyi yerdən vurdu. Padşah arabaçısına dedi: «Döndər və məni döyüşdən çıxar, çünki yaralanmışam». |
35. | O gün döyüş qızışdı. Padşah öz döyüş arabasında Aramlıların önündə söykənib dayandı. Döyüş arabası onun yarasının qanına bulaşdı. Axşam o öldü. |
36. | Günəş batmaqda ikən ordugahın içində «Hər kəs öz şəhərinə! Hər kəs öz ölkəsinə!» deyə car çəkildi. |
37. | Beləcə padşah öldü və onu Samariyaya gətirib orada basdırdılar. |
38. | Arabanı Samariya hovuzunun suyunda yudular. Rəbbin söylədiyi sözə görə köpəklər onun qanını yaladı. O hovuzda fahişələr yuyunardı. |
39. | Axavın qalan işləri və onun etdiyi hər şey, fil sümüyündən tikdiyi saray və tikdiyi bütün şəhərlər barədə İsrail padşahlarının salnamələr kitabında yazılmışdır. |
40. | Axav ataları ilə uyudu və yerinə oğlu Axazya padşah oldu. |
41. | İsrail padşahı Axavın padşahlığının dördüncü ilində Asa oğlu Yehoşafat Yəhuda üzərində padşah oldu. |
42. | Yehoşafat padşah olduğu vaxt otuz beş yaşında idi. O, Yerusəlimdə iyirmi beş il padşahlıq etdi. Anasının adı Şilxi qızı Azuva idi. |
43. | O, atası Asanın yolu ilə getdi və Rəbbin gözündə doğru olan işlər edərək bunlardan kənara çıxmadı. Ancaq səcdəgahlar aradan qaldırılmadı, xalq hələ səcdəgahlarda qurban gətirir və buxur yandırırdı. |
44. | Yehoşafat İsrail padşahı ilə sülh içində yaşadı. |
45. | Yehoşafatın qalan işləri, onun göstərdiyi hünər və necə döyüşdüyü barədə Yəhuda padşahlarının salnamələr kitabında yazılmışdır. |
46. | O, atası Asanın qovmadığı məbəd fahişəliyi ilə məşğul olan kişiləri ölkədən qovdu. |
47. | Edomda padşah yox idi, bir canişin orada hökmranlıq edirdi. |
48. | Yehoşafat qızıl dalınca Ofirə getmək üçün Tarşiş gəmiləri düzəltdi. Ancaq gedə bilmədilər, çünki gəmilər Esyon-Geverdə parçalandı. |
49. | Onda Axav oğlu Axazya Yehoşafata dedi: «Qoy gəmilərdə sənin adamlarınla birgə mənim adamlarım da getsinlər». Ancaq Yehoşafat razı olmadı. |
50. | Yehoşafat ataları ilə uyudu və atası Davudun şəhərində, ataların yanında basdırıldı. Onun yerinə oğlu Yehoram padşah oldu. |
51. | Yəhuda padşahı Yehoşafatın padşahlığının on yeddinci ilində Axav oğlu Axazya Samariyada İsrail üzərində padşah oldu. O, iki il İsrail üzərində padşahlıq etdi. |
52. | Axazya Rəbbin gözündə pis olan işlər etdi, ata-anasının və İsrailə günah etdirmiş Nevat oğlu Yarovamın yolu ilə getdi. |
53. | Axazya atasının etdiyi kimi Baala qulluq və səcdə edərək İsrailin Allahı Rəbbi qəzəbləndirdi. |
← 1Kings (22/22) |