← 1Kings (21/22) → |
1. | İzreeldə, Samariya padşahı Axavın sarayının yanında İzreelli Navotun bir üzüm bağı var idi. |
2. | Bir müddət sonra Axav Navota dedi: «Üzüm bağını mənə ver ki, oranı özüm üçün bostan edim, çünki evimə yaxındır. Mən onun əvəzinə sənə daha yaxşı bağ verərəm ya da istəsən, onun dəyərini sənə pulla ödəyərəm». |
3. | Navot Axava dedi: «Qoy atalarımın mirasını sənə verməyi Rəbb məndən uzaq etsin!» |
4. | Axav evinə qaşqabaqlı və dilxor halda qayıtdı, çünki İzreelli Navot ona «atalarımın mirasını sənə vermərəm» demişdi. O, yatağı üzərinə uzanıb üzünü çevirdi və yemək yemədi. |
5. | Arvadı İzevel yanına gəlib ona dedi: «Niyə qanın qaradır, heç yemək də yemirsən?» |
6. | O dedi: «Mən İzreelli Navota “üzüm bağını pulla mənə sat ya da istəsən, onun əvəzində sənə başqa üzüm bağı verərəm” söylədim, o isə dedi: “Üzüm bağımı sənə vermərəm”». |
7. | Arvadı İzevel ona dedi: «İndi İsrail üzərində padşahlıq edən sənsən ya yox? Qalx yemək ye, ürəyini sıxma. İzreelli Navotun üzüm bağını mən sənə verərəm». |
8. | O, Axavın adından məktublar yazdı və onları Axavın möhürü ilə möhürlədi. Navotun şəhərində onunla birgə yaşayan ağsaqqallara və əyanlara məktublar göndərdi. |
9. | İzevel məktublarda belə yazdı: «Oruc elan edin və Navotu xalqın arasında yuxarı başda əyləşdirin. |
10. | İki nəfər yaramaz adamı onun qarşısında oturdun və onlar şahidlik edərək desinlər: “Sən Allahı və padşahı lənətlədin”. Sonra onu bayıra çıxarın və ölənə qədər daşqalaq edin». |
11. | Navotun yaşadığı şəhərin adamları – orada yaşayan ağsaqqallar və əyanlar İzevelin onlara göndərdiyi məktublarda yazdığı kimi etdilər. |
12. | Onlar oruc elan etdilər və Navotu xalqın arasında yuxarı başda əyləşdirdilər. |
13. | İki nəfər yaramaz adam gəlib onun qarşısında oturdu. Onlar xalqın önündə Navota qarşı «Navot Allahı və padşahı lənətlədi» deyə şahidlik etdilər. Sonra onu şəhərin kənarına çıxartdılar və daşqalaq edib öldürdülər. |
14. | Onlar İzevelə xəbər göndərib dedilər: «Navot daşqalaq olunaraq öldü». |
15. | İzevel Navotun daşqalaq olunaraq öldüyünü eşidəndə Axava dedi: «Qalx İzreelli Navotun sənə pulla vermək istəmədiyi üzüm bağını özünə mülk götür, çünki Navot sağ deyil, ölüb». |
16. | Axav İzreelli Navotun öldüyünü eşidəndə onun üzüm bağını özünə mülk götürmək üçün oraya yollandı. |
17. | Tişbeli İlyasa Rəbbin bu sözü nazil oldu: |
18. | «Qalx Samariyada İsrailə padşahlıq edən Axavı qarşılamağa get. O, Navotun üzüm bağındadır. Axav onu mülk etmək üçün oraya yollandı. |
19. | Sən ona söylə ki, Rəbb belə deyir: “Qatillik etdin, hələ özünə mülk də götürürsən?” Sonra ona söylə ki, Rəbb belə deyir: “Navotun qanını köpəklərin yaladıqları yerdə sənin də qanını köpəklər yalayacaq”». |
20. | Axav İlyasa dedi: «Ey düşmənim, axır məni də tapdın». O dedi: «Bəli, səni də tapdım. Sən Rəbbin gözündə pis olan işlər etməyə özünü təslim etdin. |
21. | “Budur, sənin üzərinə bəla gətirəcəyəm, səni yandırıb məhv edəcəyəm. İsraildə Axavın nəslindən divar isladan hər kəsi – bütün kişiləri, istər kölə olsun, istər azad, kəsib atacağam. |
22. | Mən sənin evini Nevat oğlu Yarovamın evi kimi, Axiya oğlu Baaşanın evi kimi edəcəyəm. Çünki sən İsrailə günah etdirərək Məni qəzəbləndirdin”. |
23. | Rəbb İzevel barədə dedi: “İzreel divarının içərisində İzeveli köpəklər yeyəcək”. |
24. | Axavın nəslindən şəhərdə öləni köpəklər, çöldə öləni isə quşlar yeyəcək». |
25. | Həqiqətən, Axav kimi Rəbbin gözündə pis olan işlər etməyə özünü təslim edən hələ olmamışdı. Arvadı İzevel onu buna təhrik edirdi. |
26. | Axav İsrail övladlarının önündən Rəbbin qovduğu Emorlular kimi bütlərə xidmət edərək çox iyrənc işlər etdi. |
27. | Axav bu sözləri eşidəndə libasını cırıb əyninə çul geydi. O, oruc tutub çulda yatdı və qüssəyə batdı. |
28. | Tişbeli İlyasa Rəbbin bu sözü nazil oldu: |
29. | «Gördünmü Axav Mənim önümdə özünü necə aşağı tutdu? Önümdə özünü aşağı tutduğu üçün Mən bu bəlanı onun dövründə göndərməyəcəyəm, oğlunun dövründə bu bəlanı onun evinə göndərəcəyəm». |
← 1Kings (21/22) → |