| ← 1Kings (20/22) → | 
| 1. | Aram padşahı Ben-Hadad bütün ordusunu topladı. Onunla birgə otuz iki padşah, atlar və döyüş arabaları var idi. Ben-Hadad gəlib Samariyanı mühasirəyə aldı və şəhərə hücum etdi. | 
| 2. | O, şəhərə, İsrail padşahı Axavın yanına qasidlər göndərib dedi: «Ben-Hadad belə deyir: | 
| 3. | “Sənin qızıl-gümüşün mənimdir, arvadlarının və oğullarının ən yaxşıları da mənimdir”». | 
| 4. | İsrail padşahı cavab verib dedi: «Ağam padşah, sənin söylədiyin kimi özüm və hər nəyim var, sənindir». | 
| 5. | Qasidlər yenə gəlib dedilər: «Ben-Hadad belə söyləyir: “Hərçənd ki sənə ‹qızıl-gümüşünü, arvadlarını və oğullarını mənə ver› deyə xəbər göndərdim, | 
| 6. | ancaq sabah bu vaxt adamlarımı sənin yanına göndərəcəyəm. Evini və əyanlarının evlərini axtaracaqlar və sənin xoşuna gələn hər şeyi götürüb gətirəcəklər”». | 
| 7. | İsrail padşahı ölkənin bütün ağsaqqallarını çağırıb dedi: «Görün bu adam necə pislik axtarır. Arvadlarımı, oğullarımı, qızıl-gümüşümü məndən tələb etdi, mən ondan əsirgəmədim». | 
| 8. | Bütün ağsaqqallar və xalq ona «qulaq asma və razı olma» dedilər. | 
| 9. | O, Ben-Hadadın qasidlərinə dedi: «Ağam padşaha deyin: “Bu qulundan əvvəlcə istədiyin hər şeyi verərəm, ancaq bunu edə bilməyəcəyəm”». Qasidlər gedib onun sözünü çatdırdılar. | 
| 10. | Ben-Hadad ona xəbər göndərib dedi: «Əgər Samariya torpağı mənim dalımca gedən qoşunun ovuclarını doldurmağa bəs edərsə, allahlar mənə beləsini və bundan betərini etsin». | 
| 11. | İsrail padşahı cavab verib dedi: «Söyləyin, qurşanan adam soyunan kimi öyünməsin». | 
| 12. | Bu sözü eşidəndə Ben-Hadad padşahlarla birgə çadırlarda şərab içirdi. O, əsgərlərinə «Sıraya düzülün!» dedi. Onlar şəhərin qarşısında sıraya düzüldülər. | 
| 13. | Bu vaxt bir peyğəmbər İsrail padşahı Axavın yanına gəlib dedi: «Rəbb belə deyir: “Bu böyük qoşunu görürsənmi? Bu gün onu sənə təslim edəcəyəm və biləcəksən ki, Rəbb Mənəm”». | 
| 14. | Axav dedi: «Kimin vasitəsilə?» O dedi: «Rəbb belə deyir: “Əyalət başçılarının xidmətində olan igidlərin vasitəsilə bunu edəcəyəm”». Sonra Axav dedi: «Döyüşü kim başlayacaq?» O cavab verdi: «Sən». | 
| 15. | Sonra Axav əyalət başçılarının igidlərini sıraya düzdü: onlar iki yüz otuz iki nəfər idi. Onlardan sonra orada olan xalqın hamısını – bütün İsrail övladlarını sıraya düzdü: onlar yeddi min nəfər idi. | 
| 16. | Onlar günorta oradan çıxdılar. Ben-Hadad və ona kömək edən otuz iki padşah çadırlarda içib sərxoşluq edirdilər. | 
| 17. | Əvvəl əyalət başçılarının igidləri çıxdılar. Ben-Hadadın göndərdiyi casuslar ona «Samariyadan adamlar çıxır» deyə bildirdilər. | 
| 18. | O dedi: «Əgər sülh üçün çıxırlarsa, onları diri tutun, yox, döyüş üçün çıxırlarsa, yenə onları diri tutun». | 
| 19. | O vaxt bu adamlar – həm əyalət başçılarının igidləri, həm də onların ardınca gələn qoşun artıq şəhərdən çıxmışdı. | 
| 20. | Onlardan hər biri qarşısında duranı vurdu. Aramlılar qaçdılar və İsraillilər onları təqib etdilər. Aram padşahı Ben-Hadad at üstündə süvariləri ilə birgə qaçıb qurtardı. | 
| 21. | İsrail padşahı oradan çıxıb atlara və döyüş arabalarına hücum etdi və Aramlıları böyük tələfata uğratdı. | 
| 22. | Həmin peyğəmbər İsrail padşahının yanına gəlib ona dedi: «Get özünü möhkəmləndir, gör ki, nə etməlisən. Çünki bahar gələndə Aram padşahı yenə sənin üstünə gələcək». | 
| 23. | Aram padşahının əyanları ona deyirdilər: «İsraillilərin Allahı təpələr Allahıdır, buna görə də onlar bizə qalib gəldilər. Onlarla düzənlikdə vuruşaq, hökmən biz onlara qalib gələcəyik. | 
| 24. | Belə et: padşahların hər birini vəzifəsindən götür və onların yerinə valilər təyin et. | 
| 25. | Sən isə at yerinə at, araba yerinə araba qoyaraq itirdiyin ordu kimi özün üçün bir ordu düzəlt ki, biz onlara qarşı düzənlikdə vuruşaq. Hökmən biz onlara qalib gələcəyik». Ben-Hadad onların sözünə qulaq asdı və belə etdi. | 
| 26. | Bahar gələndə Ben-Hadad Aramlıları topladı və İsraillilərlə vuruşmaq üçün Afeqə doğru getdi. | 
| 27. | İsrail övladları da toplaşdılar, azuqə hazırladılar və onların qarşısına getdilər. İsrail övladları onların önündə iki kiçik sürü kimi ordugah qurdular, Aramlılar isə hər tərəfi tutmuşdular. | 
| 28. | Allah adamı İsrail padşahının yanına gəlib dedi: «Rəbb belə deyir: “Aramlılar ‹Rəbb təpələr Allahıdır, düzənliklər Allahı deyil› deyirlər. Buna görə də Mən bu böyük qoşunu bütünlüklə sənə təslim edəcəyəm və biləcəksiniz ki, Rəbb Mənəm”». | 
| 29. | Onlar bir-birlərinin qarşısında yeddi gün ordugahda qaldılar. Yeddinci gün döyüş başlandı. İsrail övladları bir gündə Aramlıların piyada qoşunundan yüz min nəfəri qırdılar. | 
| 30. | Onların qalanları Afeqə – şəhərin içinə qaçdılar. Şəhərin divarı qalan iyirmi yeddi min nəfərin üstünə yıxıldı. Ben-Hadad şəhərə qaçıb bir iç otağa girdi. | 
| 31. | Əyanları ona dedilər: «Biz eşitmişik ki, İsrail padşahları mərhəmətli padşahlardır. Gəlin bellərimizə çul, başlarımıza ip sarıyaq və İsrail padşahının yanına gedək. Bəlkə o səni sağ buraxar». | 
| 32. | Onlar bellərinə çul, başlarına ip bağladılar və gəlib İsrail padşahına dedilər: «Qulun Ben-Hadad “yalvarıram, məni sağ burax” deyir». İsrail padşahı dedi: «O hələ sağdır? O ki mənim qardaşımdır». | 
| 33. | Bu adamlar bir əlamət gözləyirdilər, padşahın sözünü yaxşı əlamət sayıb cəld dedilər: «Bəli, Ben-Hadad sənin qardaşındır». O dedi: «Gedin, onu gətirin». Ben-Hadad onun yanına gəldi və o, Ben-Hadadı öz döyüş arabasına mindirdi. | 
| 34. | Ben-Hadad ona dedi: «Mənim atamın sənin atandan aldığı şəhərləri geri qaytarıram. Atamın Samariyada düzəltdiyi kimi sən də Dəməşqdə özün üçün bazarlar düzəldərsən». İsrail padşahı dedi: «Mənimlə saziş bağlayandan sonra səni buraxacağam». Ben-Hadadla saziş bağladı və onu buraxdı. | 
| 35. | Peyğəmbərlərdən olan bir nəfər Rəbbin sözü ilə öz yoldaşına dedi: «Məni vur». O adam onu vurmaq istəmədi. | 
| 36. | Onda peyğəmbər o adama dedi: «İndi ki sən Rəbbin sözünə qulaq asmadın, mənim yanımdan gedəndə bir şir səni öldürəcək». Peyğəmbərin yanından gedəndə bir şir ona rast gəlib onu öldürdü. | 
| 37. | Peyğəmbər başqa bir adam tapıb ona dedi: «Məni vur». O adam peyğəmbəri vurub yaraladı. | 
| 38. | Peyğəmbər getdi və gözlərini örtərək qiyafəsini dəyişib padşahın yolu üstündə dayandı. | 
| 39. | Padşah keçəndə onu səsləyib dedi: «Bu qulun döyüşün ortasına girmişdi. Bu zaman bir adam kənara çəkildi və mənim yanıma bir nəfər gətirib dedi: “Bu adamı qoru. Əgər aradan çıxsa, əvəzində ya canını verəcəksən ya da bir talant gümüş”. | 
| 40. | Bu qulun orada-burada çalışarkən o, yanımdan qaçdı». İsrail padşahı bu adama dedi: «Hökmün elə də olmalıdır, özün qərar vermisən». | 
| 41. | O cəld gözlərindən örtüyü götürdü. İsrail padşahı onun peyğəmbərlərdən biri olduğunu gördü. | 
| 42. | O, İsrail padşahına dedi: «Rəbb belə deyir: “Mənim lənətlədiyim adamı sən əldən buraxdın. Buna görə də onun yerinə sən öləcəksən və onun xalqının başına gələcək işlər sənin xalqının başına gələcək”». | 
| 43. | İsrail padşahı qaşqabaqlı və dilxor halda Samariyada olan evinə gəldi. | 
| ← 1Kings (20/22) → |