1Kings (15/22)  

1. Nevat oğlu Yarovamın padşahlığının on səkkizinci ilində Aviya Yəhuda üzərində padşah oldu.
2. O, Yerusəlimdə üç il padşahlıq etdi. Anasının adı Avişalom qızı Maaka idi.
3. Aviya atasının ondan qabaq etdiyi bütün günahları ilə getdi. Onun ürəyi babası Davuddan fərqli olaraq Allahı Rəbbə sadiq deyildi.
4. Ancaq Allahı Rəbb Davudun xatirinə ona Yerusəlimdə bir çıraq verdi, özündən sonra oğlunu onun yerinə oturtdu və Yerusəlimi möhkəmləndirdi.
5. Çünki Xetli Uriya ilə olan işindən başqa, Davud Rəbbin gözündə doğru olan işlər etdi və bütün ömrü boyu Onun əmr etdiyi heç bir şeydən kənara çıxmadı.
6. Aviyanın bütün ömrü boyu Rexavam və Yarovam arasında müharibə gedirdi.
7. Aviyanın qalan işləri və onun etdiyi hər şey barədə Yəhuda padşahlarının salnamələr kitabında yazılmışdır. Aviya ilə Yarovam arasında müharibə gedirdi.
8. Aviya ataları ilə uyudu və onu Davudun şəhərində basdırdılar. Onun yerinə oğlu Asa padşah oldu.
9. İsrail padşahı Yarovamın padşahlığının iyirminci ilində Asa Yəhuda üzərində padşah oldu.
10. O, Yerusəlimdə qırx bir il padşahlıq etdi. Nənəsinin adı Avişalom qızı Maaka idi.
11. Asa babası Davud kimi Rəbbin gözündə doğru olan işlər etdi.
12. O, məbəd fahişəliyi ilə məşğul olan kişiləri ölkədən qovdu və atalarının düzəltdiyi bütün bütləri aradan qaldırdı.
13. Nənəsi Maakanı da mələkəlikdən məhrum etdi, çünki o, Aşera üçün iyrənc bir büt düzəltmişdi. Asa onun bütünü kəsib Qidron vadisində yandırdı.
14. Ancaq səcdəgahlar aradan qaldırılmadı, lakin Asanın ürəyi bütün ömrü boyu Rəbbə sadiq idi.
15. O, atasının və özünün təqdis etdiyi əşyaları – qızılı, gümüşü və qabları Rəbbin məbədinə gətirdi.
16. Asa ilə İsrail padşahı Baaşa arasında ömürləri boyu müharibə gedirdi.
17. İsrail padşahı Baaşa Yəhudaya hücum etdi və Yəhuda padşahı Asanın yanına gəlib-getmək istəyənləri buraxmamaq üçün Rama şəhərini tikdi.
18. Asa Rəbbin məbədinin və padşah sarayının xəzinələrində qalan bütün qızıl-gümüşü götürüb əyanlarına verdi. Padşah Asa onları Dəməşqdə yaşayan Aram padşahı Xezyon oğlu Tavrimmon oğlu Ben-Hadada bu xəbərlə göndərdi:
19. «Sənin atanla mənim atam arasında saziş var idi, qoy bizim aramızda da saziş olsun. Sənə qızıl-gümüş hədiyyə göndərirəm. Get İsrail padşahı Baaşa ilə olan sazişini poz ki, torpağımdan geri çəkilsin».
20. Ben-Hadad padşah Asaya qulaq asdı və qoşun başçılarını İsrail şəhərlərinin üstünə göndərdi. Onun qoşunları bütün Naftali torpağına – İyona, Dana, Avel-Bet-Maakaya və bütün Kinneretə zərbə vurdu.
21. Baaşa bunu eşitdikdə Ramanı tikməyi dayandırdı və Tirsada qaldı.
22. Padşah Asa istisna etmədən bütün Yəhudalıları çağırdı və onlar Ramada Baaşanın tikməkdə olduğu yerlərin daşlarını və dirəklərini daşıdılar. Bunlarla padşah Asa Binyamin torpağındakı Gevanı və Mispanı tikdi.
23. Asanın bütün qalan işləri, onun bütün hünəri, etdiyi hər şey və tikdiyi şəhərlər barədə Yəhuda padşahlarının salnamələr kitabında yazılmışdır. Ancaq qocalanda onun ayaqları xəstə oldu.
24. Asa ataları ilə uyudu və atası Davudun şəhərində, atalarının yanında basdırıldı. Onun yerinə oğlu Yehoşafat padşah oldu.
25. Yəhuda padşahı Asanın padşahlığının ikinci ilində Yarovam oğlu Nadav İsrail üzərində padşah oldu və iki il padşahlıq etdi.
26. O, Rəbbin gözündə pis olan işlər etdi, atasının yolu və İsrailə etdirdiyi günahı ilə getdi.
27. İssakar qəbiləsindən Axiya oğlu Baaşa ona qəsd hazırladı və Filiştlilərə məxsus olan Gibbetonda onu öldürdü. O zaman Nadav və bütün İsraillilər Gibbetonu mühasirəyə almışdılar.
28. Yəhuda padşahı Asanın padşahlığının üçüncü ilində Baaşa Nadavı öldürdü və onun yerinə padşah oldu.
29. O, padşah olan kimi Yarovamın bütün nəslini qırdı, Yarovamdan nəfəs çəkən hər kəsi məhv edənə qədər bir nəfəri sağ buraxmadı. Beləcə Rəbbin Öz qulu Şilolu Axiya vasitəsilə söylədiyi söz yerinə yetdi.
30. İsrailin Allahı Rəbbi qəzəbləndirərək Yarovamın özünün etdiyi və İsrailə etdirdiyi günahların ucbatından bu iş oldu.
31. Nadavın qalan işləri və onun etdiyi hər şey barədə İsrail padşahlarının salnamələr kitabında yazılmışdır.
32. Asa ilə İsrail padşahı Baaşa arasında bütün ömürləri boyu müharibə gedirdi.
33. Yəhuda padşahı Asanın padşahlığının üçüncü ilində Axiya oğlu Baaşa bütün İsrail üzərində padşah oldu və Tirsada iyirmi dörd il padşahlıq etdi.
34. O, Rəbbin gözündə pis olan işlər etdi, Yarovamın yolu və İsrailə etdirdiyi günahı ilə getdi.

  1Kings (15/22)