| ← 1John (4/5) → |
| 1. | Ey sevimlilər, hər ruha inanmayın; ruhların Allahdan olub-olmadığını bilmək üçün onları sınaqdan keçirin. Çünki dünyada çoxlu yalançı peyğəmbər meydana çıxıb. |
| 2. | Allahın Ruhunu bundan tanıya bilərsiniz: İsa Məsihin cismən gəldiyini iqrar edən hər ruh Allahdandır, |
| 3. | İsanı iqrar etməyən hər ruhsa Allahdan deyil. Bu, «Məsih əleyhdarı»nın ruhudur ki, bu ruhun gələcəyini eşitmisiniz və indi də artıq dünyadadır. |
| 4. | Sizsə, ey övladlar, Allahdansınız və yalançı peyğəmbərlərə qalib gəlmisiniz. Çünki sizdə olan Ruh dünyada olandan üstündür. |
| 5. | Onlar dünyadandır, buna görə də dünyəvi mövqedən danışırlar və dünya onlara qulaq asır. |
| 6. | Bizsə Allahdanıq. Allahı tanıyan bizə qulaq asır, Allahdan olmayansa bizə qulaq asmır. Həqiqət ruhunu və aldatma ruhunu bundan tanıyırıq. |
| 7. | Ey sevimlilər, bir-birimizi sevək, çünki məhəbbət Allahdandır. Sevən hər kəs də Allahdan doğulub və Allahı tanıyır. |
| 8. | Sevməyən kəs Allahı tanımır, çünki Allah məhəbbətdir. |
| 9. | Allahın bizə olan məhəbbəti belə zahir oldu: Allah Öz vahid Oğlunu dünyaya göndərdi ki, biz Onun vasitəsilə yaşayaq. |
| 10. | Məhəbbət bizim Allahı sevməyimizlə bağlı deyil, amma bundan ibarətdir: O bizi sevdi və Öz Oğlunu bizim günahlarımıza görə kəffarə qurbanı olaraq göndərdi. |
| 11. | Ey sevimlilər, Allah bizi bu cür sevdiyi üçün biz də gərək bir-birimizi sevək. |
| 12. | Allahı heç kim heç zaman görməyib. Əgər biz bir-birimizi sevsək, Allah bizdə qalır və Onun məhəbbəti bizdə kamil olur. |
| 13. | Bizim Onda, Onun da bizdə qaldığını bundan bilirik ki, O bizə Öz Ruhundan verib. |
| 14. | Biz görüb şahidlik edirik ki, Ata Oğlunu dünyanın Xilaskarı olaraq göndərdi. |
| 15. | Kim iqrar edir ki, İsa Allahın Oğludur, Allah onda, o da Allahda qalır. |
| 16. | Biz Allahın bizə olan məhəbbətini anlayıb buna inandıq. Allah məhəbbətdir. Kim məhəbbətdə qalarsa, Allahda qalar, Allah da onda qalar. |
| 17. | Məhəbbət bizdə ona görə kamil oldu ki, qiyamət günündə cəsarətimiz olsun. Çünki Məsih necədirsə, biz də bu dünyada eləyik. |
| 18. | Məhəbbətdə qorxu yoxdur, əksinə, kamil məhəbbət qorxunu qovar. Çünki qorxu cəzaya aiddir, qorxan insan məhəbbətdə kamil deyil. |
| 19. | Biz sevirik, çünki öncə O bizi sevdi. |
| 20. | Kim «mən Allahı sevirəm» deyir, amma öz qardaşına nifrət edirsə, yalançıdır. Axı gördüyü qardaşını sevməyən görmədiyi Allahı sevə bilməz. |
| 21. | Bizim Ondan aldığımız əmr budur ki, Allahı sevən gərək öz qardaşını da sevsin. |
| ← 1John (4/5) → |