← 1Corinthians (9/16) → |
1. | Mən azad deyiləmmi? Həvari deyiləmmi? Rəbbimiz İsanı görməmişəmmi? Siz Rəbdə etdiyim əməlin səmərəsi deyilsinizmi? |
2. | Əgər başqaları üçün həvari deyiləmsə, heç olmasa sizin üçün həvariyəm. Çünki Rəbdə siz mənim həvariliyimin möhürüsünüz. |
3. | Mən işlərimi təhlil edənlərə qarşı belə müdafiə olunuram: |
4. | məgər bizim yeyib-içməyə ixtiyarımız yoxdur? |
5. | Məgər digər həvarilər, Rəbbin qardaşları və Kefa kimi yanımızda imanlı arvadımızı gəzdirməyə ixtiyarımız yoxdur? |
6. | İşləməyib dolanmaq üçün yalnız mənim və Barnabanın ixtiyarı yoxdur? |
7. | Kim öz hesabı ilə əsgərlik çəkər? Kim üzüm bağı salıb barından yeməz? Kim sürünü otarıb südündən içməz? |
8. | Məgər mən ancaq insanların düşündüyü kimi danışıram? Qanun eyni şeylər demirmi? |
9. | Çünki Musanın Qanununda yazılıb: «Xırman çəkən öküzün ağzını bağlama». Allah öküzlərinmi qayğısına qalır, |
10. | yoxsa bu sözlər tamamilə bizə aid deyil? Əlbəttə, bu bizim üçün yazılmışdır, çünki cütçü ümidlə şumlamalı, xırmançı da məhsula ortaq olmaq ümidi ilə taxılı döyməlidir. |
11. | Əgər biz aranızda ruhani toxumlar əkdiksə, sizdən maddi bir məhsul yığsaq, çoxdurmu? |
12. | Əgər başqalarının sizdən bunu istəməyə ixtiyarı varsa, bizim buna daha çox ixtiyarımız yoxdurmu? Bizsə bu ixtiyardan istifadə etməmişik. Bunun əvəzinə Məsihin Müjdəsinin yayılmasına mane olmamaq üçün hər şeyə dözürük. |
13. | Məgər bilmirsiniz ki, məbəddə iş görənlər məbədə gətirilən təqdimlərdən qidalanır və qurbangahın xidmətçiləri qurbangahdan öz paylarını götürürlər? |
14. | Beləcə də Rəbb Müjdəni elan edənlərə Müjdədən dolanmağı əmr etmişdir. |
15. | Amma mən bu hüquqların heç birindən istifadə etməmişəm. Bunları yazmıram ki, mənə də belə edəsiniz. Fəxr etməyim üçün bu əsası heç kim boşa çıxarmaz! Belə olmaqdansa, ölməyim daha yaxşıdır. |
16. | Müjdəni yaymaqsa fəxr etməyim üçün əsas deyil. Çünki bu mənim mühüm borcumdur, əgər Müjdəni yaymıramsa, vay halıma! |
17. | Əgər bunu könüllü olaraq edirəmsə, mükafatım var. Yox, əgər bunu könüllü etmirəmsə, mənə tapşırılan vəzifəmi yerinə yetirirəm. |
18. | Bəs onda mükafatım nədir? Mükafatım budur ki, Müjdəni yayaraq müftə vəz edirəm və Müjdəni yaymaqdan gələn ixtiyarımdan tam istifadə etmirəm. |
19. | Mən azadam və heç kəsə məxsus deyiləm, amma mümkün qədər çox insan əldə etmək üçün özümü hamıya qul etdim. |
20. | Yəhudiləri əldə etmək üçün Yəhudilərlə Yəhudi kimi davrandım. Mən Qanun altında olmasam da, Qanun altında olanları əldə etmək üçün Qanun altında olanlarla Qanun altında olan kimi davrandım. |
21. | Özüm Allahın qanunundan kənar deyil, Məsihin qanununa tabeyəmsə də, Qanundan kənar olanları əldə etmək üçün onlarla Qanundan kənar olan kimi davrandım. |
22. | Zəifləri əldə etmək üçün onlarla zəif kimi davrandım. Hər hansı bir yolla bəzilərini xilas etmək naminə hər kəs üçün hər şey oldum. |
23. | Bunun hamısını Müjdə uğrunda, onun bərəkətinə şərik olum deyə edirəm. |
24. | Qaçışda yarışanların hamısının qaçdığını, amma təkcə bir nəfərin mükafat aldığını bilmirsinizmi? Elə qaçın ki, mükafatı qazanasınız. |
25. | Yarışda iştirak edən hər kəs hər cəhətdən öz nəfsinə hakimdir. Onlar bunu solub gedən dəfnə çələngi almaq üçün edər, biz isə solmaz tac almaq üçün çalışırıq. |
26. | Beləliklə, mən də məqsədsiz qaçmıram. Havanı vuran adam kimi yumruq atmıram. |
27. | Lakin bədənimi məcburən özümə qul edirəm ki, başqalarına vəz edəndən sonra mükafatımdan məhrum olmayım. |
← 1Corinthians (9/16) → |