← 1Corinthians (7/16) → |
1. | İndi isə «kişi qadına toxunmasa yaxşıdır» yazdığınıza gəlincə, |
2. | əxlaqsızlığın qabağını almaq üçün hər kişinin öz arvadı, hər qadının da öz əri olsun. |
3. | Ər arvadına aid, arvad da ərinə aid olan nikah borcunu yerinə yetirsin. |
4. | Arvadın bədəni özünün yox, ərinin ixtiyarındadır. Eləcə də kişinin bədəni özünün yox, arvadının ixtiyarındadır. |
5. | Müvəqqəti olaraq razılıqla, dua üçün vaxt ayırmaqdan savayı bir-birinizi ər-arvadlıq təminatından məhrum etməyin. Bundan sonra yenə də bir yerdə olun ki, nəfsinizə hakim olmadığınıza görə Şeytan sizi sınağa çəkməsin. |
6. | Bunları əmr kimi yox, güzəşt kimi deyirəm. |
7. | Çünki bütün insanların mənim kimi olmasını istərdim. Amma hər bir insanın Allahdan aldığı öz ənamı var – birininki belədir, digərininki başqa cürdür. |
8. | Evli olmayanlara və dul qadınlara isə bunu deyirəm: mənim kimi qalsalar, onlar üçün yaxşı olar. |
9. | Əgər özlərini saxlaya bilmirlərsə, qoy ailə qursunlar. Çünki ehtirasdan yanmaqdansa ailə qurmaq daha yaxşıdır. |
10. | Evli olanlara isə mən əmr edirəm, daha düzgün desəm, Rəbb əmr edir: qadın ərindən ayrılmasın. |
11. | Ayrılırsa, ərsiz qalmalıdır yaxud əri ilə barışmalıdır. Ər də arvadını boşamasın. |
12. | Başqalarına isə Rəbb yox, mən deyirəm ki, əgər bir qardaşın iman etməyən arvadı var və arvad onunla yaşamağa razıdırsa, əri onu boşamasın. |
13. | Bir arvadın iman etməyən əri varsa və əri onunla yaşamağa razıdırsa, qoy arvadı ondan boşanmasın. |
14. | Çünki iman etməmiş ər arvadı vasitəsilə təqdis olunur və iman etməmiş arvad imanlı əri vasitəsilə təqdis olunur. Əks halda uşaqlarınız natəmiz olardı, indi isə onlar müqəddəsdir. |
15. | İman etməyən ayrılırsa, qoy ayrılsın. Qardaş ya da bacı belə hallarda məcburiyyət qarşısında deyil. Allah sizi sülhdə yaşamağa çağırıb. |
16. | Ey qadın, ərini xilas edib-etməyəcəyini haradan bilirsən? Yaxud sən, ey ər, arvadını xilas edib-etməyəcəyini haradan bilirsən? |
17. | Amma hər kəs Allahın ona təyin etdiyi kimi Rəbbin çağırışına uyğun həyat sürsün. Bunu bütün cəmiyyətlərə əmr edirəm. |
18. | Əgər bir nəfər sünnətli olaraq çağırış aldısa, sünnət olunmanı aradan qaldırmasın. Digəri isə sünnətsiz olaraq çağırış aldısa, qoy sünnət olunmasın. |
19. | Sünnətlilik də, sünnətsizlik də əhəmiyyət kəsb etmir, əhəmiyyət kəsb edən isə Allahın əmrlərini yerinə yetirməkdir. |
20. | Qoy hər kəs çağırış aldığı vaxt nə vəziyyətdə idisə, elə də qalsın. |
21. | Çağırış alanda qul idinsə, fikir eləmə. Amma əgər azad olmağa imkanın varsa, bu fürsəti əldən vermə. |
22. | Çünki Rəbdə çağırış alan vaxt qul artıq Rəbbin azad insanıdır. Eləcə də çağırış alan vaxt azad insan Məsihin quludur. |
23. | Siz çox baha qiymətə satın alınmısınız, insanlara qul olmayın! |
24. | Ey qardaşlar, hər kəs çağırış alanda nə vəziyyətdə idisə, eləcə Allahla birlikdə qalsın. |
25. | İndi isə qızlara gəlincə, bu barədə Rəbdən əmr almamışam. Amma etibara layiq olmaq üçün Rəbbin mərhəmətinə nail olmuş bir insan kimi öz fikirlərimi deyirəm. |
26. | Məncə, indi yaranmış çətin vəziyyətə görə insanın olduğu kimi qalması yaxşıdır. |
27. | Arvadınla nikahla bağlısansa, ondan azad olmağını arzu etmə. Arvadın yoxdursa, özünə arvad axtarma. |
28. | Amma evlənməyin günah deyil. Qızın da ərə getməsi günah deyil. Amma belə adamlar bu həyatda əziyyət çəkəcəklər. Mən sizi bundan qorumaq istəyirəm. |
29. | Qardaşlar, bunu demək istəyirəm: vaxta az qalıb. Bundan sonra arvadı olanlar olmayanlar kimi, |
30. | yas tutanlar tutmayanlar kimi, sevinənlər sevinməyənlər kimi, mal alanlar malı olmayanlar kimi, |
31. | bu dünyanın işlərindən faydalananlar bu işlərdən uzaq olanlar kimi olsunlar. Çünki bu dünyanın indiki vəziyyəti keçib-gedir. |
32. | Sizin qayğısız olmanızı istəyirəm. Subay kişi Rəbbi necə razı salmaq barəsində düşünüb Rəbbin işlərinin qayğısına qalır. |
33. | Evli isə arvadını razı salmaqdan ötrü dünyəvi işlərin qayğısına qalır |
34. | və diqqəti yayınır. Ərsiz qadın yaxud qız da Rəbbin işlərinin qayğısına qalır ki, həm bədəndə, həm də ruhən müqəddəs olsun. Ərli qadın isə ərini razı salmaqdan ötrü dünyəvi işlərin qayğısına qalır. |
35. | Bunu azadlığınızı məhdudlaşdırmaq üçün yox, yalnız sizin xeyrinizə deyirəm ki, ədəblə davranıb fikirlərinizi dağıtmadan özünüzü Rəbbə həsr edəsiniz. |
36. | Əgər bir nəfər nişanlandığı qızla düzgün davranmadığını düşünürsə, yaşı çatıb və evlənmək lazım gəlirsə, qoy o adam istədiyini etsin. O, günah etmir. Qoy onlar evlənsin. |
37. | Amma kim ürəyində qəti niyyət tutub, könüllü surətdə, öz nəfsinə hakim olaraq nişanlandığı qızla evlənməmək qərarına gəlirsə, o adam da yaxşı edir. |
38. | Buna görə də nişanlısı ilə evlənən yaxşı edir, evlənməyənsə daha yaxşı edir. |
39. | Arvad əri sağ ikən ona bağlı qalır. Əgər əri vəfat etsə, arvad azaddır və kimə istəsə, ərə gedə bilər. Lakin o kişi Rəbdə olmalıdır. |
40. | Amma fikrimcə, dul qadın olduğu kimi qalsa, daha xoşbəxt olar. Zənnimcə, məndə də Allahın Ruhu var. |
← 1Corinthians (7/16) → |