| ← 1Corinthians (6/16) → |
| 1. | Sizlərdən birinin başqası ilə iddiası varsa, müqəddəslərin qarşısında yox, haqsızların qarşısında mühakimə olunmağa cəsarəti çatarmı? |
| 2. | Dünyanı müqəddəslərin mühakimə edəcəyini bilmirsinizmi? Madam ki dünyanı mühakimə edəcəksiniz, belə xırda işləri mühakimə etməyə ixtiyarınız çatmırmı? |
| 3. | Mələkləri bizim mühakimə edəcəyimizi bilmirsinizmi? Bəs gündəlik həyata aid işlər harada qaldı? |
| 4. | Əgər elədirsə, gündəlik həyatda məhkəməyə veriləcək işləriniz varsa, imanlılar cəmiyyətində saymadığınız adamlarımı hakim seçirsiniz? |
| 5. | Mən bunu sizi utandırmaq üçün deyirəm. Yəni öz bacı-qardaşlarınız arasında hakim olmaq üçün sizlərdən bir nəfər müdrik adam tapılmadı? |
| 6. | Amma qardaş qardaşla məhkəməyə gedir, üstəlik imansızlar qarşısında! |
| 7. | Əslində bir-birinizi məhkəməyə çəkməyiniz sizin üçün artıq tam məğlubiyyətdir. Əvəzində haqsızlığa qatlaşmaq daha yaxşı deyilmi? Aldanıb, dözmək daha yaxşı deyilmi? |
| 8. | Amma siz özünüz haqsızlıq edib başqalarını aldadırsınız. Üstəlik bunu bacı-qardaşlarınıza edirsiniz. |
| 9. | Məgər bilmirsiniz ki, haqsızlıq edənlər Allahın Padşahlığını irs olaraq almayacaq? Aldanmayın, çünki əxlaqsızlar, bütpərəstlər, zinakarlar, fahişə kişilər, kişibaz kişilər, |
| 10. | oğrular, tamahkarlar, əyyaşlar, böhtançılar, soyğunçular Allahın Padşahlığını irs olaraq almayacaq. |
| 11. | Sizlərdən bəzisi belə idi. Amma Rəbb İsa Məsihin adı ilə və Allahımızın Ruhu ilə yuyulub təmizləndiniz, təqdis olundunuz və saleh sayıldınız. |
| 12. | «Mənim üçün hər şeyə icazə var» deyirsiniz, lakin hər şey xeyir vermir. Mən də «hər şeyə icazə var» deyə bilərəm, amma özümü heç bir şeyə tabe etməyəcəyəm. |
| 13. | «Yemək qarın üçün, qarın da yemək üçündür» deyirsiniz, amma Allah həm qarını, həm də yeməyi yox edəcək. İnsan bədəni də əxlaqsızlıq üçün deyil, Rəbb üçündür. Rəbb də bədən üçündür. |
| 14. | Rəbbi dirildən Allah Öz qüdrəti ilə bizi də dirildəcək. |
| 15. | Bilmirsiniz ki, bədənləriniz Məsihin üzvləridir? İndi Məsihin üzvlərini götürüb bir fahişənin üzvləri edimmi? Əsla! |
| 16. | Bilmirsiniz ki, fahişə ilə birləşən onunla bir bədən olur? Çünki deyilmişdir: «İkisi bir bədən olacaq». |
| 17. | Rəblə birləşənsə Rəblə ruhən bir olur. |
| 18. | Cinsi əxlaqsızlıqdan uzaqlaşın. İnsanın etdiyi bütün digər günahlar bədəndən kənardadır, amma əxlaqsızlıq edən öz bədəninə qarşı günah edir. |
| 19. | Məgər bilmirsiniz ki, bədəniniz Allahdan aldığınız, sizdə yaşayan Müqəddəs Ruhun məbədidir? Siz özünüzə məxsus deyilsiniz, |
| 20. | çox baha qiymətə satın alınmısınız. Beləliklə, bədəninizlə Allaha izzət gətirin. |
| ← 1Corinthians (6/16) → |