| ← 1Corinthians (5/16) → |
| 1. | Danışırlar ki, aranızda cinsi əxlaqsızlıq baş verir: sizdən bir nəfər ögey anası ilə yaşayır. Belə cinsi əxlaqsızlığa hətta bütpərəstlər arasında da rast gəlmək mümkün deyil! |
| 2. | Siz hələ lovğa-lovğa danışırsınız! Bunun əvəzinə yas tutmalı idiniz. Belə əməlin sahibi aranızdan qovulmalıdır. |
| 3. | Mənsə cismən uzaqda olub ruhən aranızdayam və bu adam barəsində sanki aranızda olduğum üçün artıq hökm çıxarmışam: |
| 4. | siz Rəbbimiz İsanın adı ilə toplaşanda, mən də ruhən və Rəbbimiz İsanın qüdrəti ilə aranızda olanda, |
| 5. | həmin adamı Şeytana təslim edin ki, cismani təbiəti yox olsun, ruhu isə Rəbbin günündə xilas olsun. |
| 6. | Sizin öyünməyiniz yaxşı deyil. Məgər bilmirsiniz ki, azacıq maya bütün xəmiri acıdır? |
| 7. | Əslində mayasız olduğunuz kimi köhnə mayadan təmizlənin ki, təzə xəmir olasınız. Çünki bizim Pasxa quzumuz olan Məsih qurban verildi. |
| 8. | Buna görə köhnə maya ilə, kin və pislik mayası ilə yox, amma səmimiyyətin və həqiqətin mayasız çörəyi ilə bayram edək. |
| 9. | Mən əvvəlki məktubumda sizə əxlaqsızlıq edənlərlə ünsiyyətdə olmamağı yazmışdım. |
| 10. | Amma mən demək istəmədim ki, bu dünyanın əxlaqsızları, tamahkarları, soyğunçu və yaxud bütpərəstləri ilə ünsiyyətdə olmayın. Belə olsaydı, siz bu dünyanı tərk etməyə məcbur olardınız! |
| 11. | Əslində mən sizə yazmışdım ki, siz özünü bacı-qardaş adlandırıb, lakin əxlaqsızlıq, tamahkarlıq, bütpərəstlik, böhtançılıq, əyyaşlıq və yaxud soyğunçuluq edənlə ünsiyyətdə olmayın. Belələri ilə bir yerdə çörək belə, yeməyin. |
| 12. | Çünki cəmiyyətdən kənardakıları mühakimə etməyə mənim nə ixtiyarım var? Məgər sizin mühakimə etməli olduqlarınız cəmiyyətdəkilər deyilmi? |
| 13. | Cəmiyyətdən kənardakıları Allah mühakimə edəcək. Siz isə öz aranızdan pis adamı atın. |
| ← 1Corinthians (5/16) → |