← 1Corinthians (4/16) → |
1. | Beləcə insanlar bizi Məsihin xidmətçiləri və Allahın sirli niyyətini yerinə yetirən idarəçiləri saysın. |
2. | İdarəçilərdənsə tələb olunur ki, etibara layiq olsunlar. |
3. | Siz yaxud insan məhkəməsi mənim işlərimi təhlil edirsə, bu mənim üçün çox az əhəmiyyət kəsb edir; hətta mən öz işlərimi təhlil etmirəm. |
4. | Heç bir şeyə görə vicdan əzabı çəkməsəm də, beləcə özümə haqq qazandırmıram. Çünki mənim işlərimi təhlil edən Rəbdir. |
5. | Buna görə də münasib vaxtdan əvvəl, yəni Rəbb gəlməyənədək heç bir işi mühakimə etməyin. O gəlib qaranlıqda gizlənən şeylərə işıq salacaq və insan ürəklərinin niyyətlərini aşkara çıxaracaq. Onda hər kəs Allahdan ona düşən tərifi alacaq. |
6. | Ey qardaşlar, bizdən nümunə alaraq «yazılanlardan kənara çıxmayın» məsəlinin mənasını öyrənəsiniz deyə bunları özümə və Apolloya tətbiq etdim ki, heç kim başqasının qarşısında lovğalanıb o birisinə xor baxmasın. |
7. | Axı səni kim başqalarından fərqləndirir? Nəyin var ki onu əldə etməmisən? Əgər əldə etmisənsə, nə üçün əldə etməmiş kimi öyünürsən? |
8. | Siz daha doymusunuz! Siz artıq varlanmısınız! Siz bizsiz padşah olmusunuz! Kaş ki siz, doğrudan, padşah olaydınız ki, biz də sizinlə bərabər padşahlıq edəydik! |
9. | Çünki mənə elə gəlir ki, Allah biz həvariləri ölümə məhkum olunanlar kimi ən sonda nümayiş etdirdi. Biz də həm dünya, həm mələklər, həm də insanlar üçün bir tamaşa olduq. |
10. | Biz Məsih naminə ağılsızıq, sizsə Məsihdə ağıllısınız! Biz zəifik, siz güclüsünüz! Siz şərəfli adamsınız, bizsə hörmətsiz! |
11. | Bu vaxtadək biz ac-susuz və cındır içindəyik. Biz döyülürük, qalmağa yerimiz də yoxdur. |
12. | Öz əllərimizlə işləyib zəhmət çəkirik. Bizə böhtan atanda xeyir-dua veririk, təqib olunanda dözürük, |
13. | təhqir olunanda mülayim cavab veririk. Biz bu anadək dünyanın zibili, hamının tullantısı kimi olmuşuq. |
14. | Bunları sizi utandırmaq üçün yox, sevimli övladlarım kimi sizə öyüd-nəsihət vermək üçün yazıram. |
15. | Çünki sizin Məsih yolunda minlərlə mürəbbiniz olsa belə, atalarınız azdır; mən Müjdə vasitəsilə Məsih İsada olan atanız oldum. |
16. | Buna görə sizə yalvarıram, məndən nümunə götürün. |
17. | Bu səbəbə görə Rəbdə mənə sadiq və sevimli olan oğlum Timoteyi sizin yanınıza göndərdim. O sizə hər yerdə, hər bir imanlılar cəmiyyətində öyrətdiyim kimi Məsih İsada getdiyim yolları xatırladacaq. |
18. | Sizdən bəziləri elə bilir ki, mən yanınıza gəlməyəcəyəm və buna görə də lovğa-lovğa danışırlar. |
19. | Amma Rəbb istəsə, mən bu yaxında yanınıza gələcəyəm. O vaxt bu lovğaların sözlərini yox, gücünü yoxlayacağam. |
20. | Çünki Allahın Padşahlığı sözdən deyil, gücdən ibarətdir. |
21. | Siz nə istəyirsiniz? Yanınıza dəyənəklə, yoxsa məhəbbət və həlimlik ruhu ilə gəlim? |
← 1Corinthians (4/16) → |