1Corinthians (13/16)  

1. Əgər mən insan və mələk dilləri ilə danışıramsa, lakin məhəbbətim yoxdursa, cingildəyən mis və ya danqıldayan sincəm.
2. Əgər peyğəmbərlik ənamım varsa, bütün sirləri və hər cür biliyi dərk edirəmsə, dağları yerindən tərpədəcək dərəcədə tam imanım varsa, amma məhəbbətim yoxdursa, mən bir heçəm.
3. Əgər bütün var-dövlətimi paylayıb yoxsulları doyduraramsa və bədənimi oda təslim edərəmsə, lakin məhəbbətim yoxdursa, bunun mənə heç bir xeyri yoxdur.
4. Məhəbbət səbirli, xeyirxahdır. Məhəbbət paxıllıq etməz, öyünməz, lovğalanmaz,
5. kobudluq etməz, öz xeyrini güdməz, hirslənməz, ona edilən pislikləri sayıb-hesablamaz.
6. Məhəbbət haqsızlığa sevinməz, həqiqətə isə şadlanar.
7. O hər şeyə qatlaşar, hər şeyə inanar, hər şeyə ümid bəsləyər, hər şeyə dözər.
8. Məhəbbət əsla tükənməz. Amma peyğəmbərliklər sona çatacaq, dillər ənamı da qurtaracaq, bilik də aradan qalxacaq.
9. Çünki biliyimiz məhdud, peyğəmbərliyimiz də məhduddur.
10. Kamillik gələndə məhdud olan aradan qalxacaq.
11. Mən körpə olanda körpə kimi danışır, körpə kimi dərk edir, körpə kimi düşünürdüm. Boya-başa çatdıqda isə körpə fikirlərimi tərk etdim.
12. İndi biz güzgüdəki kimi tutqun görürük, o zaman isə üzbəüz görəcəyik. İndi biliyim məhduddur, o zaman isə haqqımda hər şey bilindiyi kimi mən də hər şeyi biləcəyəm.
13. İndi isə üç şey qalır: iman, ümid, məhəbbət. Amma bunların arasında məhəbbət üstündür.

  1Corinthians (13/16)