| ← 1Corinthians (12/16) → | 
| 1. | Qardaşlar, indi isə ruhani ənamlara gəlincə, bixəbər olmağınızı istəmirəm. | 
| 2. | Bilirsiniz ki, siz bütpərəst olarkən necə tovlana-tovlana dilsiz-ağızsız bütlərə tərəf yönəldiniz. | 
| 3. | Buna görə sizi xəbərdar edirəm ki, Allahın Ruhu vasitəsilə danışan heç kim «İsaya lənət olsun» deməz və heç kim Müqəddəs Ruh vasitəsi olmadan «İsa Rəbdir!» deyə bilməz. | 
| 4. | Müxtəlif ənamlar var, amma Ruh eynidir. | 
| 5. | Müxtəlif növlü xidmətlər var, amma Rəbb eynidir. | 
| 6. | Müxtəlif fəaliyyətlər də var, amma hamısını hər adamda göstərən Allah eynidir. | 
| 7. | Lakin Ruh hər kəsə xeyri üçün aşkar olunur. | 
| 8. | Birinə Ruh vasitəsilə hikmət sözü, başqasına isə eyni Ruhla bilik sözü verilir. | 
| 9. | Digərinə isə eyni Ruh imanı, o birisinə həmin Ruh şəfa ənamlarını verir. | 
| 10. | Birinə möcüzə yaratmaq, başqasına peyğəmbərlik, digərinə ruhları ayırd etmək qabiliyyəti, bir başqasına müxtəlif dillərdə danışmaq, o birisinə bu dilləri izah etmək ənamı verilir. | 
| 11. | Bunların hamısı tək və eyni Ruhun fəaliyyətidir. Ruh bu ənamları hər kəsə Öz istədiyi tərzdə paylayır. | 
| 12. | Bədən birdir və üzvləri çoxdur. Bədən üzvləri çox olduğu halda bir bədən təşkil edir. Məsih də belədir; | 
| 13. | çünki istər Yəhudi, istər Yunan, istər qul yaxud azad, hamımız bir bədən olmaq üçün bir Ruhla vəftiz olunmuşuq və hamımız eyni Ruhdan içirilmişik. | 
| 14. | Bədən tək üzvdən deyil, çox üzvdən ibarətdir. | 
| 15. | Ayaq «mən əl olmadığıma görə bədənə aid deyiləm» desə, bu səbəbdən bədəndən kənar deyil. | 
| 16. | Qulaq «mən göz olmadığıma görə bədənə aid deyiləm» desə, bu səbəbdən bədəndən kənar deyil. | 
| 17. | Bütün bədən gözdən ibarət olsaydı, necə eşidərdik? Bütün bədən qulaq olsaydı, necə iy bilərdik? | 
| 18. | Amma Allah istədiyi tərzdə bədən üzvlərinin hər birini bədəndə yerləşdirdi. | 
| 19. | Əgər hamısı bir üzv olsaydı, bədən nə vəziyyətdə qalardı? | 
| 20. | Doğrudan da, üzv çox, bədən isə birdir. | 
| 21. | Göz ələ «sən mənə lazım deyilsən» və yaxud baş da ayaqlara «siz mənə lazım deyilsiniz» deyə bilməz. | 
| 22. | Əksinə, bədənin daha zəif görünən üzvləri daha çox lazımlıdır, | 
| 23. | dəyəri az saydığımız bədən üzvlərini daha çox dəyərləndiririk, görünməyən üzvlərimizə də xüsusi qayğı göstəririk. | 
| 24. | Görünən üzvlərimizin isə buna ehtiyacı yoxdur. Lakin Allah aşağı tutulan üzvü daha çox dəyərləndirərək bədəni elə düzəltdi ki, | 
| 25. | bədəndə ayrı-seçkilik olmasın, əksinə, bütün üzvlər bir-birinə eyni qayğı göstərsin. | 
| 26. | Buna görə əgər bir üzv əzab çəkirsə, başqaları da onunla birgə əzab çəkir. Üzvlərdən biri şərəfə çatırsa, başqaları da onunla birgə sevinir. | 
| 27. | Siz də Məsihin bədənisiniz, ayrı-ayrılıqda isə bu bədənin üzvlərisiniz. | 
| 28. | Allah imanlılar cəmiyyətində birinci yerdə həvarilər, ikinci yerdə peyğəmbərlər, üçüncü yerdə də müəllimlər təyin etdi. Sonra bəzilərinə möcüzə yaratmağı, habelə şəfa ənamlarını, yardımçılığı, idarəçiliyi, müxtəlif dillərdə danışmağı verdi. | 
| 29. | Hamı həvaridirmi? Hamı peyğəmbərdirmi? Hamı müəllimdirmi? Hamı möcüzə yarada bilirmi? | 
| 30. | Hamının şəfa ənamları varmı? Hamı naməlum dillərdə danışırmı? Hamı belə dilləri izah edə bilirmi? | 
| 31. | Amma daha böyük ənamları səylə istəyin. İndi isə sizə bundan da əla yol göstərəcəyəm. | 
| ← 1Corinthians (12/16) → |