| ← 1Corinthians (10/16) → |
| 1. | Qardaşlar, bixəbər olmağınızı istəmirəm ki, ata-babalarımızın hamısı bulud altında qorundu, hamısı da dənizdən keçdi. |
| 2. | Hamısı Musanın ardınca getmək üçün buludda və dənizdə vəftiz edildi. |
| 3. | Hamısı eyni ruhani qida yedi |
| 4. | və eyni ruhani içki içdi. Çünki onlar ardlarınca gələn ruhani Qayadan içirdi. O Qaya da Məsih idi. |
| 5. | Amma Allah onların çoxundan razı qalmadı və cəsədləri çölə sərildi. |
| 6. | Bu hadisələr bizim üçün ibrət olsun deyə baş verdi ki, biz onlar kimi pisliyə meyl göstərməyək. |
| 7. | Onlardan bəzisi kimi bütpərəst olmayın. Onlar barədə belə yazılıb: «Xalq oturub yeyib-içdi, sonra isə qalxıb oynaşdı». |
| 8. | Onlardan bəzisi kimi cinsi əxlaqsızlıq etməyək. Bir gündə onlardan iyirmi üç min nəfər öldü. |
| 9. | Məsihi sınamayaq: onlardan bəziləri belə etdi və ilanlar onları öldürdü. |
| 10. | Deyinməyin, çünki onlardan da bəziləri deyindi və məhvedici mələk onları öldürdü. |
| 11. | Bu hadisələr ibrət dərsi olub onların başına gəldi və bu dövrün sonuna çatan bizim üçün öyüd-nəsihət kimi yazılıb. |
| 12. | Buna görə də kim ayaq üstə durduğunu düşünürsə, ehtiyatlı olsun ki, yıxılmasın. |
| 13. | Siz insanın qarşılaşdığı sınaqdan başqa bir sınaqla qarşılaşmadınız. Allah sadiqdir və O sizi gücünüzdən artıq sınağa çəkilməyə qoymaz. Sınaqla yanaşı bu vəziyyətdən çıxış yolu ilə də təmin edəcək ki, tab gətirə biləsiniz. |
| 14. | Beləliklə, ey sevimlilərim, bütpərəstlikdən uzaqlaşın. |
| 15. | Mən ağıllı insanlara xitab edirəm. Dediklərimi siz özünüz araşdırın. |
| 16. | Xeyir-dua verdiyimiz xeyir-dua kasası Məsihin qanına şəriklik deyilmi? Böldüyümüz çörək Məsihin bədəninə şəriklik deyilmi? |
| 17. | Çörək bir olduğu kimi biz də çox olduğumuz halda bir bədənik. Çünki hamımız bir çörəyi bölüb yeyirik. |
| 18. | Soy-kökünə görə İsrail xalqına nəzər salın: qurbanları yeyənlər qurbangaha şərik deyilmi? |
| 19. | Belədirsə, mən nə demək istəyirəm? Bütlərə təqdim olunan qurban ətinin bir əhəmiyyəti varmı? Yaxud bütlərin əhəmiyyəti varmı? |
| 20. | Xeyr, amma deyirəm ki, bütpərəstlər qurbanlarını Allaha yox, cinlərə gətirirlər. Cinlərlə şərik olmanızı istəmirəm. |
| 21. | Siz həm Rəbbin kasasından, həm də cinlərin kasasından içə bilməzsiniz; həm Rəbbin, həm də cinlərin süfrəsindən yeyə bilməzsiniz. |
| 22. | Yoxsa Rəbbi qısqanclığa vadar edirik? Məgər biz Ondan güclüyük? |
| 23. | «Hər şeyə icazə var» deyirsiniz, amma hər şey xeyir vermir. «Hər şeyə icazə var», lakin hər şey ruhən inkişaf etdirmir. |
| 24. | Hər kəs öz xeyrini yox, başqalarının xeyrini güdsün. |
| 25. | Ət bazarında nə satılırsa, vicdan məsələsini qaldırmadan yeyin. |
| 26. | Çünki «Rəbbindir yer üzü və orada mövcud olanlar». |
| 27. | Əgər imanlı olmayanlardan biri sizi yeməyə dəvət edir və siz getmək istəyirsinizsə, qabağınıza nə qoysalar, vicdan məsələsini qaldırmadan yeyin. |
| 28. | Amma biri sizə desə ki, «bu, qurban ətidir», onda həm sizə bunu deyənin xatirinə, həm də vicdan xatirinə yeməyin. |
| 29. | Mən sizin vicdanınızı yox, başqasının vicdanını nəzərdə tuturam. Axı nə üçün mənim azadlığım başqasının vicdanı ilə müəyyənləşdirilsin? |
| 30. | Əgər şükür edərək yeməkdə iştirak edirəmsə, şükür etdiyim yeməyə görə nə üçün mənə şər atırlar? |
| 31. | Beləliklə, nə yeyirsinizsə, nə içirsinizsə, nə edirsinizsə, hər şeyi Allahın izzəti üçün edin. |
| 32. | Yəhudilərin, Yunanların yaxud Allahın cəmiyyətinin büdrəməsinə səbəb olmayın, |
| 33. | necə ki mən də hər şeydə hər kəsi razı salmağa çalışıram. Bunu öz xeyrim üçün yox, çoxlarının xeyri üçün edirəm ki, onlar da xilas olsunlar. |
| ← 1Corinthians (10/16) → |