| 1Corinthians (1/16) → |
| 1. | Allahın iradəsi ilə Məsih İsanın həvarisi olmağa çağırılmış mən Pauldan və qardaşımız Sostendən |
| 2. | Allahın Korinfdə olan imanlılar cəmiyyətinə salam! Siz Məsih İsada təqdis olunmusunuz. Rəbbimiz İsa Məsihin adını hər yerdə çağıran hamı ilə birlikdə müqəddəs olmağa çağırılmısınız. O həm onların, həm də bizim Rəbbimizdir. |
| 3. | Atamız Allahdan və Rəbb İsa Məsihdən sizə lütf və sülh olsun! |
| 4. | Allahın Məsih İsada sizə bəxş etdiyi lütfə görə sizin üçün həmişə Allahıma şükür edirəm. |
| 5. | Çünki siz Məsihdə hər cəhətdən – hər cür sözdə və bilikdə zənginləşmisiniz. |
| 6. | Buna görə Məsih haqqındakı şəhadətimiz sizdə təsdiqləndi. |
| 7. | Bu səbəbdən siz Rəbbimiz İsa Məsihin zühurunu gözləyərək ruhani ənamdan heç bir korluq çəkmirsiniz. |
| 8. | Rəbbimiz İsa Məsih Öz günündə nöqsansız olmanız üçün sizi sonadək qüvvətləndirəcək. |
| 9. | Sizi Oğlu Rəbbimiz İsa Məsihlə şərik olmağa çağıran Allah sadiqdir. |
| 10. | Ey qardaşlar, Rəbbimiz İsa Məsih naminə sizə yalvarıram: hamınız həmfikir olun. Qoy aranızda dəstəbazlıq olmasın, eyni düşüncədə və eyni ağılda birləşin. |
| 11. | Qardaşlarım, Xloinin evindəkilərdən aranızda münaqişələr olduğunu öyrəndim. |
| 12. | Demək istədiyim budur ki, hər biriniz «mən Paulun ardıcılıyam», «mən Apollonun ardıcılıyam», «mən Kefanın ardıcılıyam» və yaxud «mən Məsihin ardıcılıyam» deyir. |
| 13. | Məgər Məsih bölünmüşdü? Məgər sizə görə çarmıxa çəkilən Paul idi? Məgər siz Paulun adı ilə vəftiz edildiniz? |
| 14. | Mən Krisp və Qaydan başqa sizlərdən heç kimi vəftiz etmədiyimə görə Allaha şükür edirəm. |
| 15. | Belə etdim ki, heç kim mənim adımla vəftiz edildiyini deməsin. |
| 16. | Yeri gəlmişkən, mən bir də Stefananın evindəkiləri vəftiz etdim. Bundan başqa kimisə vəftiz etdiyimi xatırlamıram. |
| 17. | Axı Məsih məni vəftiz etməyə deyil, Müjdəni yaymağa göndərdi. Məsihin çarmıxı boşa çıxmasın deyə Müjdəni müdrik sözlərlə yaymıram. |
| 18. | Çünki çarmıx barəsindəki kəlam məhv yolunda olanlar üçün ağılsızlıq, xilas yolunda olan bizlər üçünsə Allahın qüdrətidir. |
| 19. | Necə ki yazılıb: «Müdriklərin müdrikliyini məhv edəcəyəm, Aqillərin ağlını yox edəcəyəm». |
| 20. | Hanı müdrik? Hanı alim? Hanı bu dövrün mahir mübahisəçisi? Məgər Allah dünyanın müdrikliyinin ağılsızlıq olduğunu nümayiş etdirmədi? |
| 21. | Allahın müdrikliyində dünya öz müdrikliyi ilə Allahı tanımadığı üçün Allah iman edənləri ağılsız sayılan vəz vasitəsilə xilas etməyə razı oldu. |
| 22. | Çünki Yəhudilər möcüzəli əlamətlər istəyir, Yunanlar müdriklik axtarırlar. |
| 23. | Bizsə çarmıxa çəkilmiş Məsihi vəz edirik. Bu, Yəhudilər üçün büdrəmə daşı, başqa millətlər üçün isə ağılsızlıq sayılır. |
| 24. | Amma çağırılan həm Yəhudilər, həm də Yunanlar üçün Məsih Allahın qüdrəti və Allahın müdrikliyidir. |
| 25. | Çünki Allahın «ağılsızlığı» insan müdrikliyindən daha üstündür, Allahın «zəifliyi» insan gücündən daha güclüdür. |
| 26. | Qardaşlar, aldığınız çağırış barəsində düşünün. Bir çoxunuz bəşəri nöqteyi-nəzərdən müdrik, nüfuzlu və yaxud əsilzadə deyildiniz. |
| 27. | Allah isə müdrikləri utandırmaq üçün dünyanın ağılsız saydığı, güclüləri utandırmaq üçün dünyanın zəif saydığı, |
| 28. | dünyanın dəyərli sayılanlarını heç etmək üçün dünyanın xor baxdığı, əsilsiz və dəyərsiz sayılan kəsləri də seçdi ki, |
| 29. | Allahın qarşısında heç bir insan öyünməsin. |
| 30. | Amma siz Allahın sayəsində Məsih İsadasınız. O bizim üçün ilahi müdriklik, salehlik, müqəddəslik və satınalınma oldu. |
| 31. | Buna görə yazıldığı kimi «öyünən Rəbdə öyünsün». |
| 1Corinthians (1/16) → |