← 1Chronicles (5/29) → |
1. | İsrailin ilk oğlu Ruven idi, amma atasının yatağını murdarladığı üçün onun ilk oğulluq haqqı İsrailin oğlu Yusifin nəslinə verildi və Ruvenin nəsli şəcərədə ilk oğul kimi sayılmadı. |
2. | Ancaq Yəhuda qardaşları arasında daha güclü oldu və hökmdar onun nəslindən çıxdı. İlk oğulluq haqqı isə Yusifin idi. |
3. | İsrailin ilk oğlu Ruvenin oğulları: Xanok, Pallu, Xesron və Karmi. |
4. | Yoelin nəsli: onun oğlu Şemaya, onun oğlu Qoq, onun oğlu Şimey, |
5. | onun oğlu Mikeya, onun oğlu Reaya, onun oğlu Baal, |
6. | onun oğlu Beera. Onu Aşşur padşahı Tiqlat-Pileser sürgünə aparmışdı. Beera Ruvenlilərin başçısı idi. |
7. | Nəsil şəcərələrinə görə onların qohumları bunlar idi: başçı Yeiel, Zəkəriyyə, |
8. | Yoel oğlu Şema oğlu Azaz oğlu Bela. O, Aroerdə yaşayırdı, torpağı Nevoya və Baal-Meona qədər uzanırdı. |
9. | Şərqə tərəf Fərat çayının bu tayındakı çölün başlanğıc yerinə qədər torpaqlar onun idi, çünki Gilead torpağında çoxlu heyvanları var idi. |
10. | Şaulun dövründə bu adamlar Həcərlilərlə müharibə edib onları məğlub etdi və Gileadın şərqindəki bütün torpaqlarda Həcərlilərin çadırlarında yaşadı. |
11. | Qadlılar Salkaya qədər uzanan Başan torpağında Ruvenlilərin qarşısında yaşadı. |
12. | Başanda başçı Yoel, köməkçisi Şafam, sonra Yanay və Şafat idi. |
13. | Öz nəsillərindən olan qohumları bunlardır: Mikael, Meşullam, Şeva, Yoray, Yakan, Ziya və Ever – cəmi yeddi nəfər. |
14. | Bunlar Buz oğlu Yaxdo oğlu Yeşişay oğlu Mikael oğlu Gilead oğlu Yaroah oğlu Xuri oğlu Avixayilin oğulları idi. |
15. | Quni oğlu Avdiel oğlu Axi onların nəsil başçısı idi. |
16. | Onlar Gileadda, Başanda və onun qəsəbələrində, Şaronun sərhədlərinə qədər uzanan bütün otlaq torpaqlarında yaşadı. |
17. | Yəhuda padşahı Yotamın və İsrail padşahı Yarovamın dövründə onların hamısı nəsil şəcərələrində qeyd olundu. |
18. | Ruvenlilərdən, Qadlılardan, Menaşşe qəbiləsinin yarısından olan, qalxan və qılınc daşıyan, ox atan, döyüş üçün təlim görmüş və döyüşməyi bacaran igid adamlar qırx dörd min yeddi yüz altmış nəfər idi. |
19. | Onlar Həcərlilərdən olan Yeturun, Nafişin və Nadavın nəsilləri ilə müharibə etdi. |
20. | İsraillilər düşmənləri ilə döyüşdə kömək aldıqları üçün Həcərliləri və onlarla olanların hamısını məğlub etdilər, çünki İsraillilər döyüş zamanı Allahı çağırdılar və Ona güvəndikləri üçün Allah onları eşitdi. |
21. | Onlar düşmənlərinin heyvanlarını – əlli min dəvəsini, iki yüz əlli min qoyun-keçisini, iki min eşşəyini ələ keçirdi və yüz min adamını götürüb apardı. |
22. | Həlak olanlar çox oldu, çünki bu döyüş Allahdan idi. Onlar sürgün olunan zamana qədər Həcərlilərin yerlərində yaşadı. |
23. | Menaşşe qəbiləsinin yarısının nəsilləri də həmin torpaqda yaşadı. Onlar çoxalıb Başandan Baal-Xermona, Senirə və Xermon dağına qədər uzanan torpağa yayıldılar. |
24. | Onların nəsil başçıları bunlardır: Efer, İşi, Eliel, Azriel, Yeremya, Hodavya və Yaxdiel. Bunlar igid döyüşçülər, adlı-sanlı adamlar və nəsil başçıları idi. |
25. | Amma onlar atalarının Allahına qarşı xainlik etdilər və onların önündə Allahın məhv etdiyi ölkə xalqlarının allahlarına sitayiş edib xəyanət etdilər. |
26. | Onda İsrailin Allahı Aşşur padşahı Pulda, yəni Tiqlat-Pileserdə niyyət oyandırdı, o da Ruvenliləri, Qadlıları və Menaşşe qəbiləsinin yarısını əsir aparıb Xalaha, Xavora, Haraya və Qozan çayının sahilində yerləşdirdi. Onlar bu günə qədər də oradadır. |
← 1Chronicles (5/29) → |