← 1Chronicles (23/29) → |
1. | Davud qocalıb yaşa dolanda oğlu Süleymanı İsrail üzərində padşah etdi. |
2. | Davud İsrailin bütün başçılarını, kahinləri və Levililəri topladı. |
3. | Otuz yaşında və bundan yuxarı yaşda olan Levililər siyahıya alındı. Onlardan kişilərin sayı otuz səkkiz min nəfər idi. |
4. | Bunlardan iyirmi dörd min nəfəri Rəbbin məbədində xidmət üçün qoyuldu. Altı min məmur və hakim, |
5. | dörd mini isə qapıçı oldu. Dörd min nəfər Davudun bu məqsədlə düzəltdiyi musiqi alətləri ilə Rəbbi həmd etmək üçün qoyuldu. |
6. | Levinin Gerşon, Qohat və Merari nəsillərinə görə Davud onları bölmələrə ayırdı. |
7. | Gerşonun nəslindən: Ladan və Şimey. |
8. | Ladanın oğulları: ilk oğlu Yexiel, Zetam və Yoel – üç nəfər. |
9. | Şimeyin oğulları: Şelomit, Xaziel və Haran – üç nəfər. Bunlar Ladanın nəsil başçıları idi. |
10. | Şimeyin oğulları: Yaxat, Ziza, Yeuş və Beria. Bu dördü Şimeyin oğulları idi. |
11. | Yaxat ilk oğlu, Ziza isə ikincisi idi. Ancaq Yeuşun və Berianın oğulları çox deyildi. Onlar birlikdə bir nəsil kimi siyahıya alındı. |
12. | Qohatın oğulları: Amram, İshar, Xevron və Uzziel – dörd nəfər. |
13. | Amramın oğulları: Harun və Musa. Harun ən müqəddəs şeyləri təqdis etmək üçün təyin olundu. Onun nəsli əbədi olaraq Rəbbin önündə buxur yandırmaq, Rəbbə xidmət etmək və həmişə Onun adı ilə xeyir-dua vermək üçün təyin olundu. |
14. | Allah adamı Musaya gəlincə, onun nəsli Levi qəbiləsi arasında siyahıya alındı. |
15. | Musanın oğulları: Gerşom və Eliezer. |
16. | Gerşomun ilk oğlu Şevuel. |
17. | Eliezerin ilk oğlu Rexavya. Eliezerin başqa oğlu yox idi, amma Rexavyanın oğulları olduqca çox idi. |
18. | İsharın ilk oğlu Şelomit. |
19. | Xevronun oğulları: ilk oğlu Yeriya, ikincisi Amarya, üçüncüsü Yaxaziel və dördüncüsü Yeqameam. |
20. | Uzzielin oğulları: ilk oğlu Mikeya və ikincisi İşşiya. |
21. | Merarinin oğulları: Maxli və Muşi. Maxlinin oğulları: Eleazar və Qiş. |
22. | Eleazar öləndə onun oğlu yox idi, ancaq qızları var idi və əmiləri Qişin oğulları onları arvad aldılar. |
23. | Muşinin oğulları: Maxli, Eder və Yeremot – üç nəfər. |
24. | Bunlar adları ilə siyahıya düşən Levililərin ailə başçılarıdır. Rəbbin məbədinin xidmət işini görən Levililər iyirmi yaşında və bundan yuxarı yaşda idi. |
25. | Davud demişdi: «İsrailin Allahı Rəbb xalqına dinclik vermişdir və əbədi olaraq Yerusəlimdə məskən salacaq. |
26. | Levililər müqəddəs məskəni və onun bütün xidmət əşyalarını daha daşımayacaq». |
27. | Buna görə də Davudun son sözlərinə görə iyirmi yaşında və bundan yuxarı yaşda olan Levililər siyahıya alındı. |
28. | Onların vəzifəsi Rəbbin məbədində Harunun nəslindən olan kahinlərin yanında dayanıb bu xidmət işlərini görmək idi: həyətlərə və otaqlara baxmaq, bütün müqəddəs əşyaları təmizləmək, Allahın evində xidmət etmək, |
29. | təqdim çörəklərinə, təqdim üçün verilən una, mayasız qoğallara, onların yoğrulmasına və bişməsinə, hər cür ölçü qablarına baxmaq, |
30. | hər səhər durub Rəbbə şükür və həmd etmək, hər axşam da elə etmək, |
31. | Şənbə günlərində, Təzə Ay mərasimlərində, bayramlarda əmr edilən qaydalara görə düzgün sayda daim Rəbbin önündə yandırma qurbanları təqdim etmək. |
32. | Beləcə Levililər Hüzur çadırının, Müqəddəs yerin xidmətlərinə, Rəbbin evinin xidmətlərində qohumları Harun nəslinə xidmət etməyə cavabdeh idilər. |
← 1Chronicles (23/29) → |