1Chronicles (19/29)  

1. Bir müddət sonra Ammonluların padşahı Naxaş öldü və yerinə oğlu padşah oldu.
2. Davud dedi: «Naxaşın oğlu Xanuna yaxşılıq edəcəyəm, çünki atası mənə yaxşılıq etdi». Davud qasidlər göndərdi ki, atasına görə Xanuna başsağlığı versin. Lakin Davudun adamları Ammon ölkəsinə, onun yanına gələndə
3. Ammonluların başçıları Xanuna dedilər: «Sən elə bilirsən ki, Davud bu başsağlığı verən adamları sənin atana hörməti olduğu üçün göndərib? Bəlkə onun adamları bu torpaqdan keçməklə onu yoxlayıb öyrənmək, sonra da ələ keçirmək üçün sənin yanına gəliblər».
4. Xanun Davudun adamlarını tutub saqqallarını qırxdıraraq paltarlarını oturacaq yerinə qədər aşağıdan kəsdirdi və onları geri göndərdi.
5. Bu adamlar barədə Davuda xəbər çatdı. Davud onları qarşılamaq üçün qasidlər göndərdi, çünki bu adamlar çox utanırdı. Padşah dedi: «Saqqalınız çıxana qədər Yerixoda qalın, sonra qayıdarsınız».
6. Xanun və Ammonlular Davudun yanında nifrət qazandıqlarını görəndə Aram-Naharayimdən, Aram-Maakadan, Sovadan özlərinə muzdla döyüş arabaları və atlılar tutmaq üçün min talant gümüş göndərdilər.
7. Özləri üçün otuz iki min araba, Maaka padşahını və onun qoşunlarını muzdla tutdular, onlar da gəlib Medvanın önündə ordugah qurdular. Ammonlular öz şəhərlərindən yığılıb döyüşə gəldilər.
8. Davud bunu eşidib Yoavla bütün igidlər ordusunu onların üstünə göndərdi.
9. Ammonlular çıxıb şəhərin girişində, gələn padşahlar isə ayrıca çöldə döyüş üçün düzüldü.
10. Yoav öndən və arxadan düşmənlərin ona qarşı düzüldüklərini görəndə bütün İsrailin seçmə döyüşçülərindən bəzisini ayırıb Aramlılara qarşı düzdü.
11. Xalqın qalan hissəsinə isə qardaşı Avişayı başçı qoydu və onlar Ammonluların qarşısında düzüldü.
12. Yoav dedi: «Əgər Aramlılar məndən güclü çıxarsa, sən mənə kömək edərsən, əgər Ammonlular səndən güclü çıxarsa, mən sənə kömək edərəm.
13. Möhkəm ol. Gəl xalqımız naminə və Allahımızın şəhərləri naminə igidlik göstərək. Qoy Rəbb gözündə xoş olanı etsin».
14. Yoav və yanındakı qoşun vuruşmaq üçün Aramlıların qarşısına yaxınlaşdı. Aramlılar Yoavın önündən qaçdı.
15. Ammonlular da Aramlıların qaçdığını görəndə Yoavın qardaşı Avişayın qabağından qaçıb şəhərə girdilər. Sonra Yoav Yerusəlimə gəldi.
16. Aramlılar İsraillilərin önündə məğlub olduqlarını görəndə qasidlər göndərib Fərat çayının o tayındakı Aramlıları döyüşə çıxartdılar. Onların başçısı Hadadezerin ordu başçısı Şofak idi.
17. Bunu Davuda xəbər verdilər. O bütün İsrailliləri toplayıb İordan çayını keçdi və Aramlıların qarşısına gəlib qoşununu onlara qarşı düzdü. Davud öz qoşununu Aramlıların önünə çıxartdı və Aramlılar onunla vuruşdu.
18. Aramlılar İsraillilərin qabağından qaçdı. Davud Aramlılardan yeddi min araba döyüşçüsünü və qırx min piyadanı qırdı, ordu başçısı Şofakı da öldürdü.
19. Hadadezerin adamları İsraillilərin önündə məğlub olduqlarını görəndə Davudla sülh bağladılar və ona tabe oldular. Aramlılar bir daha Ammonlulara kömək etmək istəmədi.

  1Chronicles (19/29)