← 1Chronicles (18/29) → |
1. | Bundan sonra Davud Filiştliləri məğlub edib özünə tabe etdi və Qatı, onun qəsəbələrini Filiştlilərdən aldı. |
2. | O, Moavlıları da məğlub etdi və Moavlılar Davuda tabe olub xərac verdilər. |
3. | Sova padşahı Hadadezer Fərat çayının ətrafındakı yerlərdə hakimiyyətini bərpa etməyə gedəndə Davud Xamatda onu məğlub etdi. |
4. | O, Hadadezerin min döyüş arabasını aldı, yeddi min süvarisini, iyirmi min piyada əsgərini əsir etdi və atlardan yüzə qədərini döyüş arabası üçün saxlayaraq qalan atların ayaq vətərini kəsdi. |
5. | Dəməşqdə yaşayan Aramlılar Sova padşahı Hadadezerə kömək etməyə gələndə Davud onlardan iyirmi iki min nəfəri qırdı. |
6. | Davud Dəməşq Aramına hərbi dəstələr yerləşdirdi və Aramlılar ona tabe olub xərac verdilər. Rəbb Davuda getdiyi hər yerdə zəfər qazandırdı. |
7. | O, Hadadezerin zabitlərinin gəzdirdiyi qızıl qalxanları götürüb Yerusəlimə gətirdi. |
8. | Davud Hadadezerin şəhərləri olan Tivxatdan və Kundan çoxlu tunc aldı. Sonralar Süleyman ondan tunc hovuzu, sütunları və tunc qabları düzəltdi. |
9. | Xamat padşahı Tou eşitdi ki, Davud Sova padşahı Hadadezerin bütün ordusunu məğlub edib. |
10. | O, Davudu salamlamaq və Hadadezeri döyüşdə məğlub etdiyinə görə təbrik etmək üçün oğlu Hadoramı onun yanına göndərdi, çünki Hadadezer Tou ilə həmişə müharibə etmişdi. Hadoram hər cür qızıl-gümüş və tunc əşyalar gətirdi. |
11. | Padşah Davud bütün millətlərdən – Edomlulardan, Moavlılardan, Ammonlulardan, Filiştlilərdən və Amaleqlilərdən alıb gətirdiyi qızıl-gümüşlə birgə bunları da Rəbbə həsr etdi. |
12. | Seruya oğlu Avişay Duz vadisində Edomlulardan on səkkiz min nəfəri qırdı. |
13. | O, Edoma hərbi dəstələr yerləşdirdi və bütün Edomlular Davuda tabe oldular. Rəbb Davuda getdiyi hər yerdə zəfər qazandırdı. |
14. | Davud bütün İsrailin padşahı oldu. O bütün xalqına ədalət və salehliklə hökmranlıq edirdi. |
15. | Seruya oğlu Yoav ordu başçısı idi; Axilud oğlu Yehoşafat salnaməçi idi; |
16. | Axituv oğlu Sadoq və Evyatar oğlu Avimelek kahin idi; Şavşa mirzə idi; |
17. | Yehoyada oğlu Benaya Keretlilər və Peletlilərin başçısı idi; Davudun oğulları padşahın baş məmurları idi. |
← 1Chronicles (18/29) → |