| ← 1Chronicles (16/29) → |
| 1. | Allahın sandığını gətirib onun üçün Davudun qurduğu çadırın ortasına qoydular. Allahın önündə yandırma və ünsiyyət qurbanları təqdim etdilər. |
| 2. | Davud yandırma və ünsiyyət qurbanlarını təqdim edib qurtarandan sonra Rəbbin adı ilə xalqa xeyir-dua verdi. |
| 3. | O bütün İsraillilərə – kişilərin və qadınların hər birinə bir kömbə çörək, bir parça ət və bir üzüm lavaşanası payladı. |
| 4. | Davud İsrailin Allahı Rəbbi çağırıb Ona şükür və həmd etmək üçün Levililərdən xidmət edən bu adamları Rəbbin sandığının önünə qoydu. |
| 5. | Başçı Asəf, onun köməkçisi Zəkəriyyə, çəng və lira çalan Yeiel, Şemiramot, Yexiel, Mattitya, Eliav, Benaya, Oved-Edom və Yeiel, sincləri yüksək səslə çalan Asəf, |
| 6. | Allahın Əhd sandığı önündə həmişə kərənaylar çalan kahinlər Benaya və Yaxaziel. |
| 7. | O gün Davud ilk dəfə olaraq Rəbbə şükür etmək işini Asəflə yoldaşlarına tapşırdı. |
| 8. | «Rəbbə şükür edin, ismini səsləyin, Əməllərini xalqlar arasında elan edin! |
| 9. | Onu ilahilərlə tərənnüm edin, Bütün xariqələrini bəyan edin! |
| 10. | Onun müqəddəs adı ilə fəxr edin, Ey Rəbbi axtaranlar, ürəkləriniz qoy sevinsin! |
| 11. | Rəbbi, Onun qüvvətini arayın, Daim hüzurunu axtarın. |
| 12. | Etdiyi xariqələri, Möcüzələri, dilindən çıxan hökmləri xatırlayın, |
| 13. | Ey Onun qulu İsrail nəsli, Ey Yaqub övladları, ey Onun seçdikləri! |
| 14. | Allahımız Rəbb Odur, Hökmü bütün yer üzərindədir. |
| 15. | Əbədi olaraq – min nəslə qədər əhdini, Əmr etdiyi sözü, |
| 16. | İbrahimlə kəsdiyi əhdini, İshaqa and içərək verdiyi vədini unutmaz. |
| 17. | Bunu qayda kimi Yaqub üçün təsdiq etdi, Bu əbədi əhdi İsrail üçün etdi, |
| 18. | Dedi: “Övladlarının payına düşən mülk kimi Kənan torpağını sənə verəcəyəm”. |
| 19. | O zaman sayca onlar az idilər, Azsaylı olaraq ölkədə qərib idilər. |
| 20. | Ölkədən-ölkəyə, Məmləkətdən-məmləkətə köçürdülər. |
| 21. | Rəbb heç kimi onlara əzab verməyə qoymadı, Onlara görə padşahları tənbeh etdi. |
| 22. | Dedi: “Məsh elədiklərimə dəyməyin, Peyğəmbərlərimə pislik etməyin”. |
| 23. | Ey bütün dünya, Rəbbə ilahi oxuyun, Xilaskar olduğunu gündən-günə müjdələyin. |
| 24. | Ehtişamını millətlərə elan edin, Xariqələrini bütün xalqlara bəyan edin! |
| 25. | Axı Rəbb əzəmətlidir, bol həmdə layiqdir, O bütün allahlardan daha zəhmlidir. |
| 26. | Bütün özgə xalqların allahları bütlərdir, Lakin göyləri yaradan Rəbdir. |
| 27. | Ehtişam və əzəmət hüzurunda olar, Sevinclə qüdrət Onun yerindədir. |
| 28. | Ey xalqların tayfaları, Rəbbə verin – Ehtişamı, qüdrəti Rəbbə verin, |
| 29. | Adına layiq ehtişamı Rəbbə verin, Hüzuruna girib təqdimlər verin. Müqəddəslik zinəti ilə Rəbbə səcdə edin. |
| 30. | Ey bütün dünya, Onun hüzurunda lərzəyə gəlin! O, dünyanı sarsılmaz və möhkəm qurub. |
| 31. | Göylər sevinsin, yer üzü şad olsun! Millətlərə belə elan edin: “Rəbb hökmranlıq edir”. |
| 32. | Dənizin və dənizdəki canlıların səsi ucalsın, Çöllər və çöldə yaşayanlar fərəhlənsin, |
| 33. | Meşədəki bütün ağaclar mədh söyləsin Rəbbin hüzurunda! O, dünyanın hökmünü vermək üçün gəlir. |
| 34. | Rəbbə şükür edin, ona görə ki yaxşıdır, Çünki məhəbbəti əbədidir. |
| 35. | Deyin: “Ey qurtarıcımız Allah, bizi qurtar, Bizi millətlərin arasından topla və azad et. Müqəddəs isminə şükür edək, Biz fəxrlə Sənə həmd söyləyək”. |
| 36. | Alqış olsun İsrailin Allahı Rəbbə Əzəldən sonsuza qədər!» Bütün xalq «Amin!» söylədi və Rəbbə həmd etdi. |
| 37. | Davud orada – Rəbbin Əhd sandığının önündə bu adamları qoydu: hər günün işinə görə sandığın önündə daim xidmət edən Asəf və onun yoldaşları, |
| 38. | Oved-Edom və onun altmış səkkiz nəfər yoldaşı, qapıçılar Yedutun oğlu Oved-Edom və Xosa. |
| 39. | O, Giveonda olan səcdəgahda, Rəbbin məskəni önündə, kahin Sadoqu və onun kahin yoldaşlarını qoydu ki, |
| 40. | Rəbbin İsrailə əmr etdiyi Qanunda yazılanların hamısına görə daim səhər və axşam Rəbbə yandırma qurbanları üçün düzəldilən qurbangahda Ona yandırma qurbanları versinlər. |
| 41. | Onlarla birgə Hemanı, Yedutunu və adları çəkilən başqa seçilmiş adamları təyin etdi ki, Rəbbə şükür etsinlər, çünki Onun məhəbbəti əbədidir. |
| 42. | Heman, Yedutun və həmin adamların əlində Allaha yüksək səslə musiqi çalmaq üçün kərənaylar, sinclər və başqa alətlər var idi. Yedutunun oğulları isə qapıçı oldular. |
| 43. | Bütün xalq – hər kəs evinə getdi, Davud da öz evinə xeyir-dua vermək üçün geri qayıtdı. |
| ← 1Chronicles (16/29) → |