← 1Chronicles (14/29) → |
1. | Sur padşahı Xiram Davudun yanına qasidlər və ona saray tikmək üçün sidr ağacları, bənnalar və dülgərlər göndərdi. |
2. | Onda Davud başa düşdü ki, Rəbb onu İsrail üzərində padşah kimi möhkəmləndirmiş və xalqı İsrailin xatirinə onun padşahlığını yüksəltmişdi. |
3. | Davud Yerusəlimdə başqa arvadlar aldı, yenə oğullar və qızlar atası oldu. |
4. | Onun Yerusəlimdə doğulan oğullarının adları belədir: Şammua, Şovav, Natan, Süleyman, |
5. | İvxar, Elişua, Elpelet, |
6. | Noqah, Nefeq, Yafia, |
7. | Elişama, Beelyada və Elifelet. |
8. | Filiştlilər eşitdilər ki, Davud bütün İsrail üzərində padşah olmaq üçün məsh edilmişdir. Onda hamısı Davudu axtarmağa çıxdı. Davud bunu eşidib onlarla qarşılaşmağa çıxdı. |
9. | Filiştlilər gəlib Refaim vadisini talayırdılar. |
10. | Davud Allahdan soruşdu: «Filiştlilərin qarşısına çıxımmı? Onları mənə təslim edəcəksənmi?» Rəbb ona cavab verdi: «Çıx, onları sənə təslim edəcəyəm». |
11. | Davud Baal-Perasimə çıxıb Filiştliləri qırdı. Davud dedi: «Sellər bəndləri dağıtdığı kimi Allah da mənim əlimlə düşmənlərimi dağıtdı». Buna görə də o yerin adını Baal-Perasim qoydular. |
12. | Filiştlilər qaçanda öz allahlarının bütlərini orada qoydular. Davudun əmri ilə bunlar odda yandırıldı. |
13. | Filiştlilər yenə o vadini taladılar. |
14. | Davud yenə Allahdan soruşdu və Allah ona dedi: «Onların arxasınca çıxma, onların ətrafına dolanıb balzam ağaclarının qabağında bu düşmənlərin üstünə gəl. |
15. | Balzam ağaclarının başından addım səsləri eşidəndə döyüşə çıx, çünki o zaman Allah sənin qarşınca Filiştlilərin ordusunu məğlub etmək üçün çıxacaq». |
16. | Davud Allahın ona buyurduğu kimi etdi və onlar Giveondan Gezerə qədər Filiştlilərin ordusunu qırdılar. |
17. | Davudun şöhrəti bütün ölkələrə yayıldı və Rəbb onun qorxusunu bütün millətlərin ürəyinə saldı. |
← 1Chronicles (14/29) → |