← 1Chronicles (12/29) → |
1. | Davud, Qiş oğlu Şauldan gizlənən vaxt bir neçə nəfər Ziqlaqa, Davudun yanına gəldi. Onlar döyüşdə ona kömək edən igidlər arasında idi. |
2. | Binyamin nəslindən, Şaulun qohumlarından olan bu adamlar ox-kamanla silahlanıb sağ və sol əllə sapanddan daş atmağı və kamanla ox atmağı bacarırdı. Onların adları belədir: |
3. | onların başçısı olan Givealı Şemaanın oğulları, Axiezer və Yoaş, Azmavetin oğulları Yeziel və Pelet, Beraka və Anatotlu Yehu, |
4. | «otuz igid»dən biri olan və onlara başçılıq edən Giveonlu İşmaya, Yeremya, Yaxaziel, Yoxanan, Gederalı Yozavad, |
5. | Eluzay, Yerimot, Bealya, Şemarya, Xaruflu Şefatya, |
6. | Qorahın nəslindən olan Elqana, İşşiya, Azarel, Yoezer, Yaşoveam, |
7. | Qedorlu Yeroxam oğulları Yoela və Zevadya. |
8. | Qadlılardan sipər və nizə işlədə bilən, döyüşməyi bacaran igidlər Davudun tərəfinə keçdilər və çöldəki qalaya gəldilər. Onların üzləri şir üzü kimi idi və dağlardakı ceyranlar kimi qaça bilirdilər. |
9. | Bu başçıların adları belədir: Ezer, ikincisi Avdiya, üçüncüsü Eliav, |
10. | dördüncüsü Mişmanna, beşincisi Yeremya, |
11. | altıncısı Attay, yeddincisi Eliel, |
12. | səkkizincisi Yoxanan, doqquzuncusu Elzavad, |
13. | onuncusu Yeremya, on birincisi Makbannay. |
14. | Bunlar Qadlılardan olan qoşun başçıları idi. Ən zəifi yüz adamın, ən güclüsü isə min adamın qabağına çıxa bilərdi. |
15. | Onlar birinci ayda, İordan çayı bütün sahilləri boyu daşanda onu keçib vadilərdə yaşayanların hamısını şərqə və qərbə tərəf qovdular. |
16. | Binyaminlilərdən və Yəhudalılardan da Davudun yanına, qalaya adamlar gəldi. |
17. | Davud onları qarşılamağa çıxdı və onlara dedi: «Əgər mənə kömək üçün sülhlə gəlmisinizsə, gözüm üstə yeriniz var, ancaq zorakılıq etmədiyim halda məni düşmənlərimə təslim etmək üçün gəlmisinizsə, atalarımızın Allahı bunu görsün və hökm etsin». |
18. | Ruh «otuz igid»in başçısı Amasayın üzərinə endi və o dedi: «Ey Davud, biz səninləyik, Ey Yessey oğlu, biz sənin tərəfindəyik. Sülh, sülh olsun sənə və sənə kömək edənə, Çünki Allahın sənə kömək edir». Davud onları götürüb dəstə başçıları təyin etdi. |
19. | Davud Filiştlilərlə birgə müharibə etmək üçün Şaulun üstünə gələndə Menaşşelilərdən də bəzisi Davudun tərəfinə keçdi, ancaq Filiştlilərə kömək etmədilər. Çünki Filiştlilərin ağaları məsləhətləşib «Davud bizim başımızı verib ağası Şaulla barışacaq» dedilər və onu geri göndərdilər. |
20. | Davud Ziqlaqa gedərkən onun tərəfinə keçən Menaşşelilər bunlardır: Adnah, Yozavad, Yediael, Mikael, Yozavad, Elihu və Silletay. Onların hamısı Menaşşelilər arasında minbaşı idi. |
21. | Onlar quldur dəstəsinə qarşı döyüşdə Davuda kömək etdilər, çünki onların hamısı igid adamlar idi. Sonra onlar qoşun başçıları oldu. |
22. | Beləcə gündən-günə Davuda kömək etmək üçün onun yanına döyüşçülər gəlirdi və onun ordusu Allah ordusu qədər böyük oldu. |
23. | Rəbbin sözünə görə Şaulun padşahlığını Davuda vermək üçün onun yanına, Xevrona gələn silahlanmış döyüşçülərin sayı belədir: |
24. | Yəhudalılardan altı min səkkiz yüz nəfər sipər və nizə ilə silahlanmış əsgər; |
25. | Şimeonlulardan döyüş üçün yeddi min yüz nəfər igid döyüşçü; |
26. | Levililərdən dörd min altı yüz nəfər; |
27. | Harun evinin rəhbəri Yehoyada və onunla birgə üç min yeddi yüz nəfər; |
28. | gənc və igid bir döyüşçü olan Sadoq və onun nəslindən olan iyirmi iki başçı; |
29. | Şaulun qohumları olan Binyaminlilərin əksəriyyəti o vaxta qədər Şaul sülaləsinə sadiq qaldığı üçün onlardan yalnız üç min nəfər; |
30. | Efrayimlilərdən iyirmi min səkkiz yüz nəfər igid və öz nəsillərinin adlı-sanlı adamları; |
31. | Menaşşe qəbiləsinin yarısının arasından gəlib Davudu padşah etmək üçün təyin olunmuş on səkkiz min nəfər; |
32. | İssakarlılardan dövrün vəziyyətinə görə İsrailə nə etmək lazım gəldiyini bilən adamlar – iki yüz nəfər başçı və onların əmri altında olan bütün qohumları; |
33. | Zevulunlulardan döyüşməyi bacaran, bütün silahlarla döyüş nizamını qura bilən və sidq ürəkdən kömək edən əlli min nəfər; |
34. | Naftalililərdən min başçı, onlarla birgə sipər və nizəsi olan otuz yeddi min nəfər; |
35. | Danlılardan döyüş nizamını qura bilən iyirmi səkkiz min altı yüz nəfər; |
36. | Aşerlilərdən döyüşməyi bacaran və döyüş nizamını qura bilən qırx min nəfər; |
37. | İordan çayının o tayında yaşayan Ruvenlilərdən, Qadlılardan və Menaşşe qəbiləsinin yarısından döyüş üçün hər cür silahı olan yüz iyirmi min nəfər. |
38. | Döyüşməyi bacaran bu könüllü döyüşçülərin hamısı Davudu bütün İsrail üzərində padşah etmək üçün Xevrona gəldi. İsraillilərin qalan hissəsi də Davudu yekdilliklə padşah etmək niyyətində idi. |
39. | Döyüşçülər orada üç gün Davudla birgə qaldılar və yeyib-içdilər, çünki qohumları onlar üçün hazırlıq görmüşdü. |
40. | İssakara, Zevuluna və Naftaliyə qədər yayılmış yaxınları da onlara eşşəklər, dəvələr, qatırlar və öküzlər üstündə ərzaq – yaxşı un, sıxılmış əncir, kişmiş, şərab, yağ, mal-qara və qoyun-keçi gətirmişdi. O zaman İsraildə şadlıq var idi. |
← 1Chronicles (12/29) → |