| ← 1Chronicles (10/29) → |
| 1. | Filiştlilər İsraillilərlə döyüşdü. İsraillilər Filiştlilərin önündən qaçdılar və qırılanlar Gilboa dağında qaldı. |
| 2. | Filiştlilər Şaulla oğullarını təqib edib Şaulun oğulları Yonatanı, Avinadavı və Malki-Şuanı öldürdülər. |
| 3. | Döyüş Şaulun ətrafında şiddətlənəndə oxatanlar onu tapdılar və ağır yaraladılar. |
| 4. | Şaul öz silahdarına dedi: «Qılıncını çək, məni vur, yoxsa bu sünnətsizlər gəlib mənimlə əylənəcəklər». Lakin silahdarı çox qorxduğundan bunu etmək istəmədi. Ona görə də Şaul qılıncını götürüb özünü onun üstünə yıxdı. |
| 5. | Şaulun öldüyünü görəndə silahdarı da özünü qılıncının üstünə yıxıb Şaulla birgə öldü. |
| 6. | Beləcə Şaul və üç oğlu öldü, bütün nəsli də onunla birgə öldü. |
| 7. | Dərədə olan bütün İsraillilər öz ordularının qaçdığını və Şaulla oğullarının öldüyünü görəndə şəhərlərini qoyub qaçdılar. Filiştlilər gəlib o yerlərdə yaşadı. |
| 8. | Ertəsi gün Filiştlilər öldürülənləri soymaq üçün gələndə Gilboa dağında Şaulla oğullarının meyitini tapdılar. |
| 9. | Onun paltarlarını soyundurdular, başını və silahlarını götürdülər, öz bütlərinin məbədinə və xalqa xoş xəbər vermək üçün Filiştlilərin ölkəsinin hər tərəfinə qasid göndərdilər. |
| 10. | Şaulun silahlarını öz allahlarının məbədinə qoydular və başını Daqon məbədinə mıxladılar. |
| 11. | Yaveş-Gilead əhalisi Filiştlilərin Şaula etdiklərini eşidəndə |
| 12. | onların bütün igidləri qalxıb Şaulla oğullarının cəsədini götürərək Yaveşə gətirdilər. Onların sümüklərini götürüb Yaveşdə olan palıd ağacının altında basdırdılar və yeddi gün oruc tutdular. |
| 13. | Beləcə Şaul Rəbbə qarşı xainlik etdiyi üçün öldü. O, Rəbbin sözünə əməl etməyib cindara müraciət etdi, |
| 14. | amma Rəbdən məsləhət istəmədi. Ona görə də Rəbb onu öldürdü və padşahlığı Yesseyin oğlu Davuda verdi. |
| ← 1Chronicles (10/29) → |